Azərbaycan paytaxtından dünyaya çox mühüm siyasi mesajlar ünvanlanır – RƏYLƏR

0
600

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın dünyadakı çəkisinin və gücünün bir göstəricisidir.

Bu sözləri Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu: “Həmin ilin oktyabr ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasında seçkilərdə qalib gəlməsində Qoşulmama Hərəkatına üzvlüyümüz də çox mühüm rol oynadı və bu quruma daxil olan bütün ölkələr seçkilər zamanı Azərbaycanı müdafiə etdi.

Bakı şəhərində keçirilən XVIII Zirvə Görüşündə 60-dan çox ölkənin dövlət və hökumət başçısı, 158 ölkədən nümayəndə heyəti iştirak edəcək və bu tədbir çərçivəsində dörd mühüm əhəmiyyətli sənədin qəbul edilməsi gözlənilir. Bu sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın prinsipial mövqeyi öz əksini tapır və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi müdafiə olunur. Bu baxımdan, Zirvə Görüşünün böyük siyasi əhəmiyyəti var”.

Deputat vurğulayıb ki, eyni zamanda Bakıda belə bir zirvə toplantısının keçirilməsi Azərbaycanda daimi diplomatik nümayəndəlikləri olmayan ölkələrlə əlaqələri möhkəmləndirmək üçün effektli platforma imkanı yaradır: “Bu, bütün məsələlərin səsvermə yolu ilə həll edildiyi və hər bir səsin bərabərhüquqa malik olduğu BMT-də, digər beynəlxalq platformalarda Qarabağ məsələsi ilə bağlı potensial dəstək qazanmaqdır”.

Politoloq əlavə edib ki, bu tədbirin Azərbaycanda keçirilməsi göstərir ki, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin təminatında çox böyük rola malikdir və Azərbaycan paytaxtından dünya üçün çox mühüm siyasi əhəmiyyətli mesajlar ünvanlanır: “Hesab edirəm ki, belə bir tədbirin Bakıda keçirilməsi nəticə etibarı ilə bütün dünyaya nümayiş etdirəcək ki, Azərbaycan bu gün sabit, təhlükəsiz, öz hədəfləri olan ölkədir və beynəlxalq təhlükəsizliyin təminatında böyük rola və əhəmiyyətə malikdir”.

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin beynəlxalq münasibətlər sistemində rolunu artıracaq.

Bu sözləri azərbaycanlı politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov deyib.

O bildirib ki, Qoşulmama Hərəkatı yüzdən çox dövləti birləşdirən vacib beynəlxalq platformadır:

“Bu qurum çərçivəsində bütün bəşəriyyəti narahat edən ən aktual məsələlər müzakirə olunur. Nəzərə alsaq ki, BMT-yə daxil olan 200-ə yaxın dövlətdən 120-i Hərəkatın üzvüdür, o zaman bu qurumun gücünü təsəvvür etmək olar. Onların dünyada təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfəsi kifayət qədər güclüdür və Azərbaycanın bu Hərəkatda növbəti üç il ərzində sədrlik etməsi ciddi və məsuliyyətli addımdır. Şübhəsiz ki, bu müddət ərzində Azərbaycan sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, Qoşulmama Hərəkatının bir çox üzv ölkəsi ilə ikitərəfli və çoxtərəfli əsasda konstruktiv münasibətlərin qurulmasına töhfəsini verəcək”.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.