Gümrüdə ukraynalı vətəndaşı döyən Rusiya hərbçiləri həbs edildi…

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının hərbçilərinin iştirakı ilə daha bir insident baş verib. Hadisə ilə bağlı iki rusiyalı hərbçi həbs olunub.

Ermənistanın Tert.am nəşrinin yaydığı məlumata görə, hadisə təxminən bir ay əvvəl Gümrünün Ani məhəlləsində qeydə alınıb.

Məlumata görə, zərərçəkən Ukrayna vətəndaşı Dmitri Samuelenkodur. O, hüquq-mühafizə orqanlarına müraciət edərək iki rusiyalı hərbçinin onu döydüyünü bildirib.

Ermənistan İstintaq Komitəsindən verilən məlumata görə, hadisə ilə bağlı bir qrup şəxs tərəfindən fiziki zorakılıq törədilməsi maddəsi üzrə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib.

Rusiya hərbi bazasının iki hərbçisi sağlamlığa yüngül zərər vurmaqda ittiham olunaraq həbs edilib. Onların Ermənistan ərazisindəki penitensiar müəssisədə saxlanıldığı bildirilir.

Hələlik insidentin hansı səbəbdən baş verdiyi, rusiyalı hərbçilərlə Ukrayna vətəndaşı arasında münaqişənin nədən qaynaqlandığı açıqlanmayıb.

Qeyd edək ki, nə Rusiyanın Ermənistandakı hərbi bazası, nə də Rusiyanın İrəvandakı səfirliyi bu hadisə ilə bağlı hər hansı açıqlama verib.