Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən saxlanılan və külli miqdarda dələduzluqda ittiham olunan Fikrət Xəlil oğlu İbrahimov barəsində ilk məhkəmə qərarı verilib.
Redaksiyamıza daxil olan mötəbər məlumata görə, Nəsimi Rayon Məhkəməsində Fikrət İbrahimov barəsində seçiləcək qəti-imkan tədbiri ilə bağlı proses keçirilib.
Məhkəmədən gözlənilməz qərar: 3 aylıq ev dustaqlığı
İstintaq orqanı tərəfindən həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı verilən təqdimata baxan məhkəmə, təqsirləndirilən şəxsin səhhətindəki problemləri və ailə vəziyyətini nəzərə alıb. Məhkəmənin qərarı ilə İbrahimov Fikrət Xəlil oğlu barəsində 3 aylıq qəti-imkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Lakin bu qərar cinayət məsuliyyətindən azad olunmaq anlamına gəlmir. Hazırda iş üzrə hərtərəfli istintaq-əməliyyat tədbirləri fasiləsiz davam edir. Yaxın günlərdə məhkəmə prosesinin növbəti mərhələləri keçiriləcək və məhkəmə iş üzrə yekun və ədalətli qərarını verəcək.
”AvtoCity 057″ epizodu və “DTX zirehi”nin çöküşü
Xatırladaq ki, Fikrət İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir.
İstintaq materiallarına əsasən, onun qanunsuz əməllərindən zərər çəkənlər arasında Bakı və Naxçıvan sakinləri ilə yanaşı, Tbilisi prospektində yerləşən “AvtoCity 057” avtosalonunun rəhbəri Füzuli Əliyev də var. Idarə olunan sxemdə Fikrət İbrahimova doğma qardaşı — DTX-nin Yasamal Rayon Şöbəsinin sabiq rəis müavini, polkovnik Müşfiq İbrahimovun himayədarlıq etdiyi vurğulanır.
İctimaiyyətin diqqətində olan bu rezonanslı cinayət işi üzrə məhkəmə prosesini izləməyə devam edirik.



