Ürək dayandıqdan sonra insan ətrafda baş verənləri eşidə bilərmi? – Alimlərdən maraqlı araşdırma

Alimlər müəyyən ediblər ki, ürək dayanmasından sağ çıxan bəzi insanlar reanimasiya zamanı səsləndirilən musiqi və digər səsləri xatırlaya bilirlər. Bu nəticələr kritik vəziyyətdə beynin bəzi qavrayış və yaddaş funksiyalarının qoruna biləcəyini göstərir.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Böyük Britaniya və İspaniyanın 13 tibb müəssisəsində aparılan araşdırmada 140-dan çox xəstə iştirak edib. Reanimasiya zamanı xəstələrə müxtəlif təbii səslər və xüsusi hazırlanmış musiqi parçaları dinlədilib.

Sağaldıqdan sonra iştirakçılardan həmin səsləri tanımaları istənilib. İlk iki qrupdakı xəstələr 10 sualdan orta hesabla 6-7-nə düzgün cavab veriblər. Bu, reanimasiya zamanı bəzi səslərin yadda saxlanıla biləcəyinə dair dəlil kimi qiymətləndirilib.

Tədqiqatçılar bildirirlər ki, ürək dayanması zamanı beynə oksigen axını kəskin azalsa da, ürək-ağciyər reanimasiyası müəyyən qan dövranını təmin edə bilər. Bu isə bəzi beyin funksiyalarının qısa müddətə qorunmasına şərait yarada bilər.

Bununla belə, alimlər nəticələrin insanın ölümündən sonra şüurun davam etməsini sübut etmədiyini vurğulayırlar. Araşdırma yalnız ürək dayanmasından sonra reanimasiya ilə həyata qaytarılan xəstələri əhatə edib.

Tədqiqatın müəllifləri hesab edirlər ki, reanimasiya zamanı xəstələrin eşitmə qabiliyyətinin tamamilə itirildiyini düşünmək düzgün deyil. Buna görə də tibbi personalın huşsuz vəziyyətdə olan xəstələrlə də sakit və hörmətli ünsiyyət saxlaması tövsiyə olunur.

Alimlər, həmçinin sağalmış xəstələrdən reanimasiya zamanı yaşadıqları təcrübələr barədə soruşmağın və ehtiyac olduqda onlara psixoloji dəstək göstərməyin vacibliyini qeyd edirlər.