İtaliyanın Milan şəhərində baş verən iğtişaşlar zamanı 200-dən çox insan saxlanılıb. Saxlanılanların təxminən 80 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.
Bu barədə “Espressione24” məlumat yayıb.
Hadisə yerindən yayılan görüntülərdə etirazların vandalizm aktları, mağazaların talanması və vitrinlərin sındırılması ilə müşayiət olunduğu görünür.
Məlumata görə, İtaliyada etirazlar oktyabrın 17-də, Fransada baş verən oxşar iğtişaşlardan sonra başlayıb. Etirazçılar yaşayış xərclərinin artmasına, yanacağın bahalaşmasına və vergilərə qarşı çıxırlar.
Şəhər mərkəzində qara geyimli yüzlərlə gəncin hüquq-mühafizə orqanlarının əməkdaşlarına əldəqayırma yandırıcı qurğular, metal əşyalar və şüşə butulkalar atdığı bildirilir.
Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etsələr də, geri çəkilməli olublar. Bundan sonra etirazçılar şəhərin əsas meydanı olan Duomo meydanına daxil olublar.
İtaliyanın Baş naziri Corcia Meloni iğtişaşları pisləyib.



