Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış “ən qırmızı rəngli” ulduzu da müəyyən ediblər
Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiyi tədqiqat qrupu Yerdən 65 işıq ili məsafəsində yerləşən 151 ağ cırtdan ulduzu araşdırıb. Məlum olub ki, onların təxminən hər 30-dan biri adi ağ rəngdən fərqli rəngdə işıq saçır.
Tədqiqat zamanı “WD J1330+6435″ adlı ağ cırtdan ilk məlum yaşıl rəngli ulduz kimi müəyyən edilib. Alimlər bunu onun atmosferində kalsium, litium və natriumun olması ilə izah edirlər. Natrium spektrin narıncı hissəsini udaraq yaşıl rəngli parıltının yaranmasına səbəb olur.
Tədqiqatçılar, həmçinin “WD J1011+2845” adlı ağ cırtdanı indiyədək aşkar edilmiş ən qırmızı rəngli ulduz kimi qeydə alıblar. Onun qızılbalıq çəhrayısına bənzər rəngi atmosferindəki karbonun konveksiya nəticəsində səthə qalxması ilə əlaqələndirilir.
Alimlərin sözlərinə görə, ağ cırtdanların rəng müxtəlifliyi onların son dərəcə yüksək sıxlığı ilə bağlıdır. Bu ulduzlar Günəşdən milyonlarla dəfə sıx ola bilər. Nəticədə atmosferlərindəki mikroelementlər sıx helium plazması ilə qarşılıqlı təsirə girərək işığı daha geniş spektr diapazonunda udurlar.



