Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsində baş verən insidentlə bağlı araşdırmada yeni və ciddi versiyalar ortaya çıxıb. İsrail rəsmilərindən biri hadisənin təyyarəni qəsdən qəzaya uğratmaq cəhdi ola biləcəyini bildirib.
İsrail hakimiyyəti hadisənin mümkün terror hücumu olub-olmadığını araşdırır. İlkin məlumata görə, uçuş zamanı pilotlar arasında qarşıdurma baş verib və kapitanın bıçaqla yaralandığı iddia olunur.
Nəşrin məlumatına görə, hadisənin terror hücumu olub-olmadığı hələ tam təsdiqlənməyib. Eyni zamanda, pilotlardan birinin təyyarəni qəsdən qəzaya uğratmaq niyyətində olması və onun psixi vəziyyəti ilə bağlı ehtimallar da araşdırılır.
Hadisə zamanı təyyarənin idarəetməsində problem yaranıb və sərnişinlər arasında ciddi panika başlayıb. Sərnişinlər və ekipaj üzvləri kabinəyə müdaxilə edərək vəziyyəti nəzarətə götürə biliblər. Təyyarə daha sonra Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təhlükəsiz eniş edib.
Hadisəni şərh edən yüksək vəzifəli İsrail rəsmisi baş verənlərin daha böyük faciəyə çevrilə biləcəyini bildirib. Onun sözlərinə görə, təyyarənin idarəetməsinin bərpa edilməsi mühüm rol oynayıb.
Rəsmi şəxs hadisənin mümkün nəticələrini 2001-ci il 11 sentyabr terror aktları ilə müqayisə edib. O bildirib ki, hadisə zamanı təyyarənin idarəetməsi bərpa olunmasaydı, vəziyyət “2001-ci ilin sentyabrını xatırladan” daha ağır ssenariyə çevrilə bilərdi.
İsrail rəsmisinin sözlərinə görə, təyyarədə əlavə heyət üzvlərinin olması da mühüm rol oynayıb. Onlar adi sərnişinlər kimi uçsalar da, təhlükəli vəziyyət yarandıqda təyyarənin sabitləşdirilməsinə və idarəetmənin bərpasına kömək ediblər.
Hadisənin dəqiq səbəbləri və pilotlar arasında qarşıdurmanın motivləri ilə bağlı araşdırma davam edir. Flydubai hadisəni təsdiqləsə də, onun terror hücumu olması barədə yekun rəsmi nəticə hələ açıqlanmayıb.



