Həkim sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında 4 saatdan çox oturmayın

Uzun müddət fasiləsiz avtomobil idarə etmək yorğunluğa, diqqətin azalmasına və orqanizmə əlavə yük düşməsinə səbəb ola bilər.

Bu barədə rusiyalı mütəxəssis Denis Prokofyev bildirib.

Onun sözlərinə görə, sürücülər fasiləsiz olaraq 4 saatdan çox sükan arxasında qalmamalı, gün ərzində isə avtomobil idarə etmə müddəti 9 saatı keçməməlidir.

Həkim vurğulayıb ki, yola uzun müddət yüksək diqqətlə nəzarət etmək sinir sistemini və beyni yorur. Bu səbəbdən xüsusilə taksi, ictimai nəqliyyat və uzaq məsafələrə yük daşıyan sürücülərin iş vaxtına nəzarət etməsi vacibdir.

Prokofyev uzun müddət sükan arxasında oturmağın ayaqlarda qan dövranının zəifləməsinə və trombların yaranması riskinin artmasına səbəb ola biləcəyini də qeyd edib. Yolda yaşanan stres isə adrenalin və noradrenalinin ifrazını artıraraq ürək-damar və sinir sisteminə əlavə yük yaradır.