Alimlər okeanın ən əlçatmaz hesab edilən bölgələrindən birində ciddi plastik çirklənməsi aşkarlayıblar.
“Science Alert” nəşrinin məlumatına görə, 2025-ci ildə Argentina sahillərində yerləşən Mar del Plata sualtı kanyonunda aparılan araşdırmalar zamanı minlərlə metr dərinlikdə məişət tullantılarına rast gəlinib.
Ekspedisiya çərçivəsində mütəxəssislər 17 dəfə sualtı müşahidə həyata keçiriblər. 1120 metrdən 3820 metrədək dərinliklərdə ümumilikdə 29 tullantı nümunəsi qeydə alınıb. Onlardan 27-si plastikdən ibarət olub.
Tapıntılar arasında təxminən 1920 metr dərinlikdə aşkarlanan rəngli hazır əriştə qablaşdırması, həmçinin balıq ovu qarmağı bağlanmış neylon ip də olub.
Araşdırmanın həmmüəllifi, dəniz bioloqu Dieqo Urteanın sözlərinə görə, tullantıların miqyası o qədər diqqətçəkən olub ki, alimlər çirklənmə hallarını ayrıca qeydə almağa başlayıblar.
Sualtı kanyonlar adətən zəngin biomüxtəlifliyi ilə seçilir. Burada güclü okean cərəyanları canlıların inkişafı üçün vacib qida maddələrini daşıyır. Mar del Plata bölgəsində isti Braziliya cərəyanı ilə soyuq Malvin cərəyanının qarşılaşması xüsusi ekosistem formalaşdırır.
Lakin tədqiqat göstərib ki, üzvi maddələri və qida hissəciklərini toplayan həmin təbii proseslər plastik və digər insan mənşəli tullantıların da kanyonlarda yığılmasına səbəb ola bilər.
Alimlərin fikrincə, əldə edilən nəticələr insan fəaliyyətinin təsirinin artıq okeanın ən dərin və ucqar ərazilərinə qədər çatdığını göstərir. Bu isə dərin dəniz ekosistemlərinin qorunması ilə bağlı tədbirlərin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.



