Rusiyada mümkün yeni səfərbərliklə bağlı yayılan iddialar fonunda ölkədən kütləvi miqrasiya ehtimalı yenidən gündəmə gəlib. Belə bir ssenarinin reallaşması halında Rusiyanı tərk edənlərin bir qisminin Azərbaycana, xüsusilə də Bakıya üz tutması istisna edilmir.
Bu isə yalnız miqrasiya və təhlükəsizlik məsələsi deyil, həm də mənzil bazarında tələb-təklif balansına təsir göstərə biləcək amildir.
Maraqlıdır, Rusiyadan Azərbaycana mümkün yeni miqrasiya dalğası Bakının kirayə mənzil bazarına necə təsir göstərə bilər? Tələbin artması fonunda kirayə qiymətlərində ciddi bahalaşma və mənzil qıtlığı yarana bilərmi?
Mövzu ilə bağlı Moderator.az-a əmlak məsələləri üzrə Ekspert Elnur Fərzəliyev açıqlama verib.

Ekspert bildirib ki, ölkəmizdə nağd şəkildə mənzil alan şəxslərin böyük bir qismini xaricdə, xüsusilə də Rusiyada yaşayan azərbaycanlılar təşkil edir:
Bəzi rəqəmlərə görə, Rusiyada 2 milyondan artıq soydaşımız yaşayır. Onlar uzun illərdir bu ölkədə yaşasalar da, qazandıqları və topladıqları vəsaitin əhəmiyyətli hissəsini mütəmadi olaraq Azərbaycanda daşınmaz əmlaka yatırırlar. Bu baxımdan, daşınmaz əmlak bazarında əsas alıcı kütlələrindən biri də Rusiyada yaşayan soydaşlarımızdır.
Müxtəlif dövrlərdə istər pandemiya, istərsə də digər səbəblərdən Rusiyadan Azərbaycana insan axını müşahidə olunsa da, Rusiyada yaşayan azərbaycanlıların böyük qisminin Bakı və ölkənin müxtəlif bölgələrində daşınmaz əmlaka sahib olması onların Azərbaycana gəldikləri zaman əsasən öz mülklərində məskunlaşmasına imkan verir. Bu isə, öz növbəsində, daşınmaz əmlak bazarında ciddi qiymət artımının formalaşmasına zəmin yaratmır.
Digər tərəfdən, Rusiyadan Azərbaycana gələn və ya ölkəmizdə daşınmaz əmlak alan şəxslərin hamısı Azərbaycan vətəndaşı deyil. Onların arasında Rusiya vətəndaşları, eləcə də Rusiyada yaşayan digər xalqların nümayəndələri də var.
Bu baxımdan, Rusiyada hər hansı müharibə şəraitinin yaranması Azərbaycandakı daşınmaz əmlak bazarına müəyyən təsir göstərə bilər. Azərbaycan həm coğrafi baxımdan Rusiyaya yaxın ölkədir, həm də sabit və təhlükəsiz mühitə malikdir.
Daşınmaz əmlak bazarında qiymətlərin ümumi artım tendensiyası da nəzərə alınarsa, belə bir vəziyyətin yaranacağı təqdirdə xaricdən ölkəmizə əlavə maliyyə axınının formalaşması mümkündür.
Belə hallarda digər ölkələrdən Azərbaycana yüz milyonlarla dollar həcmində xarici valyutanın daxil olması daşınmaz əmlak sektoruna investisiyaların artmasına, yeni mənzillərə tələbatın yüksəlməsinə və tikinti sektorunun daha da canlanmasına səbəb ola bilər.
Bu proses nəticə etibarilə daşınmaz əmlak bazarının inkişafına və ümumilikdə ölkə iqtisadiyyatında müəyyən müsbət dinamikanın yaranmasına gətirib çıxara bilər”.



