Yunanıstan və Cənubi Kiprin Türkiyəyə qarşı həyata keçirdiyi silahlanma siyasəti Rum mətbuatında müzakirə olunur.
Bu barədə “Politis” nəşri təhlil dərc edib.
Bildirilib ki, Yunanıstanın “Rafale” döyüş təyyarələri, F-35-lər, freqatlar və “Axilles Qalxanı” sistemi üçün milyardlarla avro xərcləməsinə baxmayaraq bu, Türkiyə ilə mövcud güc balansını kökündən dəyişməyəcək.
Təhlildə Yunanıstan və Kiprin daha çox silahlanaraq Türkiyəni çəkindirə biləcəyi fikri tənqid edilib. “Yunanıstan və Kiprin edə biləcəyi ən təhlükəli səhv Türkiyəni narahat edəcək qədər raket əldə etdikdə Şərqi Aralıq dənizində sülhün təmin olunacağına inanmaqdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı silahlanma yarışı ilə dayandıra bilməzsiniz”, – təhlildə qeyd olunub.
Həmçinin Yunanıstanın İsrail, Fransa və ABŞ-la qurduğu əməkdaşlıqlara həddindən artıq bel bağlamasının riskli olduğu vurğulanıb. Bildirilib ki, dövlətlərin maraqları dəyişə bilər: “İsrail sabah Ankara ilə münasibətlərini yaxşılaşdıra, Misir öz maraqlarını yenidən müəyyənləşdirə, ABŞ isə prioritetlərini dəyişə bilər”.
Nəşrin yazarı Dionisiounun sözlərinə görə, çıxış yolu davamlı silahlanmada deyil, Avropa İttifaqının ortaq müdafiə imkanlarının gücləndirilməsində və Türkiyə ilə ortaq maraqların artırılmasındadır.



