Paşinyan Bakıya gedəcək erməni vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş zamanı öz heykəlinin Azərbaycan paytaxtında qoyulmasının vacibliyindən danışıb.
Bu olduqca diqqətçəkən iddianı Ermənistanın rusiyapərəst və revanşist dairələrinin himayə etdiyi “Hraparak” nəşri təqdim edib.

Paşinyan bildirib ki, Qarabağ məsələsini həll etməklə yalnız Ermənistanı deyil, Azərbaycanı da Rusiyanın “əsarətindən azad edib” və buna görə də onun heykəli Bakıda ucaldılmalıdır.
Əgər bu məlumat doğrudursa, Paşinyanın siyasi “qəhrəmanlıq” anlayışının miqyasını təsəvvür etmək çətin deyil. Ancaq burada vacib məqam odur ki, sözügedən sözlərin Paşinyan tərəfindən həqiqətən səsləndirildiyini təsdiqləyən rəsmi audio, video və ya stenoqram yoxdur. Məlumat yalnız “Hraparak”ın yazısına əsaslanır.
Paşinyanın heykəl macərası Ermənistanda da yaxşı başlamamışdı…
Maraqlıdır ki, Nikol Paşinyanın heykəllə bağlı macərası heç də ilk dəfə deyil. 2018-ci ildə, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Vanadzor-Gümrü avtomobil yolunda Paşinyanın heykəli qoyulmuşdu. Heykəl onun siyasi yürüşünü və həmin dövrdə baş verən “məxməri inqilab” prosesini simvolizə edirdi. Lakin heykəlin ömrü uzun və sakit olmadı. Həmin ilin dekabrında heykələ qarşı vandalizm törədildi. Əvvəlcə heykəlin ayağına zərər vurulub, daha sonra isə onun başı qoparıldı. Həmin vaxt Ermənistan mediası hadisəni “başsız Nikol” ifadəsi ilə də təqdim etmişdi.
Beləliklə, Paşinyanın əvvəlcə Ermənistanda heykəli ucaldılıb, ardınca isə həmin heykəlin başı qoparılıb. İndi isə “Hraparak”ın yaydığı iddiaya inansaq, baş nazirin növbəti arzusu artıq daha iddialıdır – heykəlinin Bakıda ucaldılması.
“Hraparak” Paşinyanın son illərdə özünü Ermənistanın və regionun siyasi taleyini dəyişən əsas fiqur kimi təqdim etməyə çalışdığını yazır.
Nəşrin iddiasına görə, Paşinyan müxtəlif auditoriyalar qarşısında buna dair eyhamlar edir. Bakı ilə bağlı son iddia da həmin siyasi ritorikanın davamı kimi təqdim olunur.
Burada diqqət çəkən başqa məqam isə “Hraparak”ın Paşinyanın Azərbaycanı da Rusiyanın təsirindən “azad etdiyi” barədə mövqeyidir. Bu fikir Ermənistanın daxili siyasi mübarizəsinin fonunda xüsusilə diqqət çəkir. Çünki Paşinyanın Azərbaycanla münasibətlərin normallaşdırılması siyasətinin əsas tənqidçiləri onun addımlarını Ermənistanın maraqlarına zidd hesab edirlər.

Bakı səfəri realdır, heykəl məsələsi isə hələlik iddiadır..
Paşinyanın gələcəkdə Bakıya səfər etməsi ilə bağlı müzakirələr isə artıq bir müddətdir gündəmdədir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Ermənistan baş nazirinin Bakıya mümkün səfəri regional siyasətin mühüm mövzularından biridir. Lakin Paşinyanın Bakıda öz heykəlinin qoyulmasını tələb etməsi və ya bunu istəməsi barədə məlumat hələlik yalnız “Hraparak”ın iddiasıdır. Başqa sözlə, Ermənistan mediasının yaydığı bu məlumatı təsdiqlənmiş fakt kimi deyil, Paşinyana aid edilən açıqlama kimi təqdim etmək daha doğru olar…
Amma bir məqam artıq tarixə düşüb: 2018-ci ildə Ermənistanda Paşinyanın heykəli qoyulmuş, həmin heykəlin başı isə sonradan qoparılmışdı. İndi isə Ermənistan mediasının iddiası gerçəyə çevrilsə, qarşıda daha maraqlı sual dayanır: Paşinyanın növbəti heykəli həqiqətən Bakıda ucaldılacaqmı?..



