Nepalda matəm günüdür

Nepalda avqustun 26-da Rasuva rayonundakı Bhote-Koşi çayında baş verən daşqının 1300-dən çox qurbanının xatirəsinə matəm günü qeyd olunur.

Məlumata görə, respublikada hökumət binaları üzərində və onun xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib. İnsanlar məbədləri ziyarət edir və yaxınlarının xilası üçün dua edirlər.

Xatırladaq ki, təbii fəlakət avqustun 26-da səhər Nepalın şimalında baş verib. İlkin məlumatlara görə, daşqına səbəb “Rasuvaqadxi” sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə, Çinlə sərhəddə baş verən buz uçqunu olub. Su, palçıq və qaya parçalarından ibarət olan güclü axın çay yatağı boyunca yüksək sürətlə 70 kilometrdən çox məsafə qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və böyük ərazini su altında qoyub.

Təbii fəlakət 32 000 ailəni evsiz qoyub, təxminən 7500 evi dağıdıb və Nepalın mərkəzində həyati əhəmiyyətli infrastrukturunu ciddi şəkildə pozub. 589 xarici vətəndaş da daxil olmaqla təxminən 5000 nəfər itkin düşmüş hesab edilir.