Böyük Britaniyanın Şotlandiya bölgəsində yaşayan 39 yaşlı qadın uzun müddət davam edən bel ağrılarını köhnə döşəyi ilə əlaqələndirib. Lakin sonradan ağrıların səbəbinin xərçəng olduğu məlum olub.
Dandi şəhərində yaşayan Kimberli Anderson 2019-cu ilin sonunda süd vəzi xərçənginin üçüncü mərhələsi diaqnozu ilə üzləşib.
O, kimyaterapiya və şüa terapiyası müalicələri alıb, daha sonra mastektomiya əməliyyatı keçirib. 2021-ci ilin əvvəlində müalicənin uğurlu olduğu bildirilib.
Lakin 2023-cü ilin əvvəlində Kimberlinin səhhətində yenidən problemlər yaranıb. O, davamlı yorğunluq, çəki itkisi, həmçinin bel, çiyin və qabırğalarında ağrılardan şikayətlənib.
Qadın ağrıların səbəbini yataqla əlaqələndirib və həmin ilin yanvarında yeni döşək alıb. Buna baxmayaraq, ağrılar davam edib.
Vəziyyət avqust ayında daha da ağırlaşıb. Güclü boyun ağrısından sonra qadında nəfəs alma və udma çətinliyi yaranıb. Xəstəxanada aparılan kompüter tomoqrafiyası zamanı onun boynunda təxminən 5 santimetr ölçüsündə şiş aşkarlanıb.
2023-cü ilin sentyabrında həkimlər Kimberlinin süd vəzi xərçənginin metastatik, dördüncü mərhələyə keçmiş formasından əziyyət çəkdiyini müəyyənləşdiriblər. Xəstəlik döş qəfəsinin divarına, qabırğalara, yumurtalıqlara və böyrəküstü vəzə yayılıb.
Qadın şüa terapiyası və 12 kurs kimyaterapiya alıb. Lakin 2024-cü ilin ortalarında xərçəngin beyinə də metastaz verdiyi aşkarlanıb.
Kimberli beyindəki şişin çıxarılması üçün əməliyyat olunub. Bundan sonra dəstəkləyici müalicəyə başlanılıb və onun vəziyyəti sabitləşdirilib.
Hazırda xəstəliyi ilə bağlı təcrübəsini bölüşən Kimberli insanları bədəndə yaranan qeyri-adi və davamlı simptomlara laqeyd yanaşmamağa çağırır.
Qeyd edək ki, davamlı və səbəbi müəyyən edilməyən ağrılar müxtəlif xəstəliklərin əlaməti ola bilər. Belə hallarda həkimə müraciət etmək tövsiyə olunur.



