ABŞ-ın Tennessi ştatında 1819-cu ildən bəri ilk dəfə qadının edam edilməsinə hazırlıq görülür: söhbət Krista Paykdan gedir. Onun barəsində çıxarılan ölüm hökmünün sentyabrın sonunda icra olunması planlaşdırılır.
Paykın işi hüquq müdafiəçilərinin və ekspertlərin diqqətini çəkib. Onlar bu işdə ABŞ məhkəmə sistemindəki bəzi problemlərin əlamətlərinin olduğunu bildirirlər.
Payk 1996-cı ildə 19 yaşlı Kollin Slemmerin amansızlıqla öldürülməsinə görə ölüm cəzasına məhkum edilib.
Cinayət 1995-ci ildə baş verib və həmin vaxt Paykın 18 yaşı olub.
İstintaq materiallarına görə, o, digər şəxslərlə birlikdə qurbanı meşəyə aparıb. Burada təxminən yarım saat ərzində qızı döyüb və ona çoxsaylı bıçaq xəsarətləri yetirib.
Daha sonra Payk öldürülən qadının kəllə sümüyünün bir parçasını özündə kimi saxlayıb.
Paykın vəkilləri Tennessi ştatının qubernatoru Bill Liyə əfv müraciəti təqdim edərək ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz olunmasını istəyiblər.
Müdafiə tərəfinin əsas arqumentlərindən biri qadının ağır uşaqlıq keçirməsidir. Vəkillərin sözlərinə görə, Payk uşaqlıq illərində fiziki və cinsi zorakılığa məruz qalıb, həmçinin ona psixi pozuntu diaqnozu qoyulub.
Psixoloqlar bildirirlər ki, cinayət baş verən vaxt onun cəmi 18 yaşı vardı və beyin inkişafı hələ tam başa çatmamışdı. Eyni zamanda uşaqlıqda yaşadığı travmalar onu psixoloji baxımdan daha həssas vəziyyətə salıb.
Hüquqşünaslar ilkin məhkəmə prosesində də bir sıra prosedur pozuntularının olduğunu iddia edirlər. Onların sözlərinə görə, həmin vaxt Paykın vəkili hökmə təsir göstərə biləcək yüngülləşdirici halları məhkəməyə lazımi şəkildə təqdim etməyib.
Payk səhhəti ilə bağlı arqumentlərə də istinad edir. O bildirir ki, ölüm hökmünün kişilər üçün nəzərdə tutulan həbsxanada və kişilərdən ibarət heyət tərəfindən icra edilməsi uşaqlıqda yaşadığı zorakılıqlar səbəbindən ona əlavə psixoloji iztirab verə bilər.



