Azərbaycanda ayrı-ayrı məhsullar üzrə qiymət artımı fonunda qlobal enerji bazarında baş verən proseslərin, xüsusilə Hörmüz boğazındakı vəziyyətin mümkün təsirləri müzakirə olunur. Bu amilin bəzi neft məhsulları, sənaye xammalı və logistika xərcləri üzərindən qiymətlərə təsir göstərməsi mümkündür.
Bununla yanaşı, müxtəlif məhsul qruplarında bahalaşmanın eyni səbəblə izah edilməsi iqtisadi baxımdan nə dərəcədə əsaslıdır və qlobal amillərlə daxili bazar faktorlarını necə ayırmaq olar?
Hazırkı bahalaşma prosesində qlobal enerji və logistika xərclərinin payını hansı göstəricilər əsasında müəyyənləşdirmək mümkündür və hansı mərhələdə beynəlxalq bazardakı real qiymət artımı ilə yerli bazarda bundan sui-istifadə edərək qiymətlərin əsassız yüksəldilməsini bir-birindən ayırmaq olar?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov açıqlamasında ölkədə müşahidə olunan qiymət artımının səbəblərini, eləcə də xarici və daxili amillərin bu prosesə təsirini dəyərləndirib.
İqtisadçı qeyd edib ki, Azərbaycanda hazırda müşahidə edilən qiymət artımını bilavasitə Hörmüz boğazındakı vəziyyətlə, yaxud da ümumiyyətlə xarici amillərlə izah etmək düzgün olmaz:
“Çünki xarici amillərin təsiri, əlbəttə ki, nəzərə alınmalıdır. Lakin bunu bütövlükdə həmin amillərlə əlaqələndirmək, düşünürəm ki, doğru yanaşma deyil. Məsələn, Mərkəzi Bankın son qiymətləndirməsində inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişməsinin əsas səbəblərindən biri xarici xərc amili olub və xarici xərc amilinin güclənməsi də, təbii ki, burada böyük ölçüdə öz təsirini göstərir.
Məsələn, 2026-cı ilin yeddinci ayında illik inflyasiya 5,8 faiz, ərzaq inflyasiyası isə 7,3 faiz olub. Burada, təbii ki, xarici amilin də rolu var.
Amma Hörmüz boğazındakı vəziyyətin təsirini yalnız neftlə qiymətləndirmək olmaz. Məsələ təkcə neftdən ibarət deyil. Eyni zamanda, bu marşrutda daşınma məhdudiyyətləri, nəqliyyat və sığorta xərclərinin artması da digər istiqamətlərə təsir göstərir. Konkret olaraq Azərbaycanda, bəli, Hörmüz boğazında baş verən proseslər ölkəmizdə idxal inflyasiyasına təsir göstərir. Amma bütün inflyasiyanı idxal inflyasiyası kimi qiymətləndirmək olmaz.
Yəni burada qiymətin formalaşmasına təsir edən bir çox amil var. Bunlar istehsal, logistika, bazarda rəqabət səviyyəsi, mövsümi faktorlar, tələb-təklif, enerji daşıyıcıları, yəni yerli bazarlarda enerji daşıyıcılarının qiyməti, kommunal qiymətlər, əməkhaqqı faktorları və sair kimi məsələlərdir. Buna görə də, məsələn, sahibkarın xərci 3 faiz artdığı halda, qiymətin 20 faiz və yaxud 30 faiz artması bütün hallarda baş vermir. Burada müəyyən uyğunlaşma prosesi var.
Ona görə də məsələyə sadəcə qiymətlərin artımı kimi yox, maya dəyərinin artması və maya dəyərinin artması fonunda satış qiymətlərində baş verən artım kimi yanaşmaq və bunu bu şəkildə qiymətləndirmək lazımdır.
Təbii ki, rəqabətin zəif olduğu bazarlarda rəqabət nə qədər zəif olarsa, xarici şokların təsiri də bir o qədər çox olur”.



