Avqustun sonunda İtaliyada ekstremal istilərin 5-ci dalğası müşahidə olunur. Ölkənin cənub və mərkəzi hissələrində havanın temperaturu iqlim normasından 8-10 dərəcə yüksək olacaq.
İtaliyanın doqquz şəhərində hava şəraiti ilə bağlı “qırmızı” təhlükə səviyyəsi elan edilib və bu qeyri-adi vəziyyət cümə axşamı Bari, Palermo və Kampobassoda da müşahidə olunur. Daha doqquz şəhər isə “narıncı” zonadadır. Onların arasında Ankona, Kalyari, Kataniya, Florensiya və Latina da var.
Xəbərdarlıq, həmçinin Messina, Recco-di-Kalabriya, Rieti və Romaya da şamil olunur. Ən yüksək temperaturun avqustun 28-i və 29-da, əsasən ölkənin cənubunda qeydə alınacağı gözlənilir.
Yayın ən isti günü cümə günü, avqustun 28-i ola bilər. Siciliyanın şərqində havanın temperaturu 45 dərəcəyədək yüksələ bilər.
Bəzi ərazilərdə gecələr də qeyri-adi isti hava olacaq. Minimum temperatur 25 dərəcədən aşağı düşməyə bilər. İsti hava ilə yanaşı, Afrikadan gələn antisiklon da İtaliyaya çatacaq və ölkəyə böyük həcmdə səhra qumu gətirəcək.
Bununla belə, İtaliyanın şimal bölgələri ekstremal istidən yan keçəcək. Milanda temperaturun 30 dərəcədən yuxarı qalxmayacağı ehtimal olunur.
Turində 27-28, Venesiya ovalığında isə təxminən 34 dərəcə isti gözlənilir. Ölkənin şimalında leysan yağışları, dolu və güclü külək əsəcəyi proqnozlaşdırılır. Proqnozlara görə, anomal isti hava uzun sürməyəcək. Yüksək temperatur avqustun 27-si, 28-i və 29-da gözlənilir. Bununla belə, hazırkı vəziyyət İtaliyada cari yay mövsümünün ən intensiv istilik dalğası ola bilər.
Sentyabrın əvvəlində ölkədə əsasən isti hava şəraiti hökm sürəcək. Bu arada Fransa ərazisinin böyük hissəsində isti hava tədricən geri çəkilir. İstisna Korsika adasıdır. Cümə axşamı günorta saatlarında burada havanın temperaturu 38-39 dərəcəyədək yüksələ bilər.
Adada gecə saatlarında havanın temperaturu 30 dərəcəyədək yüksələcək.



