Toyuq əti dünya üzrə ən populyar ət növünə çevrilib.
Son iki onillikdə dünyada toyuq əti istehsalı demək olar ki, iki dəfə artıb. Qlobal statistikalara əsasən, 2023-cü ildə dünyada 76,2 milyard toyuq yetişdirilib. 2006-cı ildə bu göstərici 48,3 milyard olub.
Artımın əsas hissəsi Asiya-Sakit okean regionunun payına düşüb. Sonrakı yerlərdə Amerika və Avropa qərarlaşıb. Çin və ABŞ isə dünya üzrə toyuq ətinə olan tələbatın təxminən üçdə birini təmin edir.
Ötən əsrdə bahalı və daha çox imkanlı insanların süfrəsində olan toyuq əti XXI əsrdə əlçatan protein mənbəyinə çevrilib. Quşçuluq üzrə aparıcı ekspert Nan-Dirk Mulder bildirib ki, son 3-4 ildə toyuq əti istehsalının qlobal artımı sürətlənib və istehlakın azaldığı bazar tapmaq çətindir.
Ekspertlər toyuq ətinin populyarlığını onun ucuzluğu, yemin daha səmərəli istifadəsi, qısa müddətdə yetişdirilməsi və dini məhdudiyyətlərin nisbətən az olması ilə əlaqələndirirlər. Toyuq əti müxtəlif ölkələrin mətbəxlərinə asanlıqla uyğunlaşır və fərqli gəlir qrupları üçün əlçatan hesab olunur.
Hətta onilliklər ərzində əsasən mal əti ilə hazırlanan burgerləri ilə tanınan McDonald’s da toyuq bazarının mal əti bazarından iki dəfə böyük olduğunu və daha sürətlə böyüdüyünü qəbul edib.
Beləliklə, toyuq əti sadəcə dünyada ən çox istehlak edilən ət növünə deyil, insanların qidalanma vərdişlərindəki qlobal dəyişimin əsas simvollarından birinə çevrilib. Mütəxəssislər xüsusilə inkişaf etməkdə olan ölkələrdə əhalinin və gəlirlərin artması fonunda toyuq ətinə tələbatın bundan sonra da yüksələcəyini gözləyirlər.



