Təyyarələrdə uzun müddət işləmək bəzi xərçəng növlərindən ölüm riski ilə əlaqəli ola bilər. Harvard alimlərinin araşdırmasında pilot və stüardessalar 500-dən çox peşə qrupu arasında radiasiya ilə əlaqələndirilən xərçənglərdən ölüm göstəricisinə görə ilk sıralarda yer alıblar.
Bu barədə “Fox News Digital” nəşri məlumat yayıb.
Alimlərin fikrincə, əsas mümkün amillərdən biri yüksək hündürlükdə uçuş zamanı məruz qalınan kosmik radiasiyadır.Təyyarə yüksəklikdə uçduqca atmosferin qoruyucu təsiri azalır və ekipaj daha çox ionlaşdırıcı şüalanmaya məruz qala bilir.
Tədqiqatçılar 2020–2024-cü illər üzrə təxminən 13 milyon ölüm şəhadətnaməsini təhlil ediblər. Araşdırmada 14 minə yaxın pilot və 7 min stüardessanın məlumatları da yer alıb. Alimlər leykemiya, limfoma, melanoma, mərkəzi sinir sistemi, döş, qalxanabənzər və prostat xərçəngi kimi xəstəlikləri araşdırıblar.
Nəticələrə görə, radiasiya ilə potensial əlaqəli xərçənglər stüardessalar arasında bütün ölümlərin 6,9 faizini, pilotlar arasında isə 6,7 faizini təşkil edib. Bu göstəricilər araşdırılan peşələr arasında ən yüksək nəticələrdən olub.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, aviasiya işçiləri ildə təxminən 3–6 millizivert kosmik radiasiya ala bilirlər. Adi sərnişinlər isə daha az uçduqları üçün xeyli aşağı dozaya məruz qalırlar.
Hər bir işçinin aldığı fərdi radiasiya dozası müəyyən edilməyib və yuxu rejiminin pozulması, saat qurşaqlarının dəyişməsi kimi digər amillər də nəticələrə təsir göstərə bilər.
Tədqiqatçılar aviasiya işçilərinin sağlamlıq monitorinqinin gücləndirilməsini və bəzi xərçəng növləri üzrə müayinələrin daha erkən başlanmasının nəzərdən keçirilməsini tövsiyə edirlər.



