Quru sərhədlər gündəmdə – İqtisadiyyatda nə qədər itiririk – AÇIQLAMA

Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması yenidən gündəmə gəlib. Xüsusilə sərhədyanı rayonlarda yaşayan vətəndaşların gəlirləri, turizm sektoru, nəqliyyat və digər xidmət sahələrinə təsirlərlə bağlı müzakirələr davam edir.

Bəs quru sərhədlərin bağlı qalması Azərbaycanın iqtisadiyyatına nə qədər ziyan vurur və sərhədlərin açılması hansı sahələrə müsbət təsir göstərə bilər?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, quru sərhədlərin bağlı saxlanılması iqtisadi baxımdan düzgün qərar deyil.

“Quru sərhədlərin bağlı olması doğru deyil. Oktyabrın 1-nə qədər rəsmən bağlıdır. Heç bir ciddi səbəb olmadan qapalı saxlanılır. Ümid edirəm ki, oktyabr ayında açılacaq.

Quru sərhədlərin bağlı olması Azərbaycan iqtisadiyyatına çox ciddi ziyan vurur. Azərbaycanın daxili məhsulunun çox zəif artmasının səbəblərindən biri quru sərhədlərin bağlı olmasıdır. Vətəndaşların gəlirlərinin azalmasının səbəblərindən biri də quru sərhədlərdir”, – deyə ekspert bildirib.

Natiq Cəfərli xüsusilə sərhədyanı rayonlarda yaşayan əhalinin gəlirlərinin azalmasına diqqət çəkib. Onun sözlərinə görə, sərhədlərin bağlı qalması həmin ərazilərdə turizm, nəqliyyat, ictimai iaşə, ticarət və digər xidmət sahələrinin fəaliyyətinə mənfi təsir göstərir.

“11-12 faiz turizm sayında azalma var. Bunun da səbəblərindən biri quru sərhədlərdir. Keçən ilə nisbətən bu il azalma var”, – deyə iqtisadçı əlavə edib.

Ekspertin fikrincə, quru sərhədlərin açılması yalnız sərhədyanı rayonlarda deyil, bütövlükdə ölkə iqtisadiyyatında xidmət sektorunun canlanmasına, turizm axınının artmasına, nəqliyyat və ticarət dövriyyəsinin genişlənməsinə müsbət təsir göstərə bilər.