Düşüncələrini, bilgilərini qələmə alanlar yəqin ki, mənimlə razılaşacaqlar.
Bu ehtiyacın müvafiq bacarıqla uzlaşması qəlblərə rahatlıq gətirməklə yanaşı, həyati varlığımızın qiymətləndirilməsində də böyük rol oynayır.
Məncə, həyat paylaşımsız, öyrəntisiz boş səhralığa dönər. Mənəvi aclıq insanlığı məhv edər.
Yazdıqlarımızın qiymətini də mütləq eşitməliyik. Bu qiymətlərin nəticələrinə uyğun yaşamalıyıq, işləməliyik, düşünməliyik…
Niyə yaşayırıq? Hər kəs yazmağı bacarmır ki…
Fikirlərini tam ifadə edə bilmək bacarığı da hər kəsdə yoxdur.
O insanlara əməllərinə görə qiymət verə bilənlər isə var.
Heç kim tək özünə görə yaşaya bilməz. Bizi öyrədiblər, biz də öyrətməliyik.
Yaşam ehtiyacının ayrılmaz hissəsindən biri olan biliklər ölənə qədər bizi təqib edir.
Həyatımızın hər bir sahəsi yeni biliklərə ehtiyacla yaşayır.
Hər kəs öz marağına uyğun sahələrə üz tutsa da, ehtiyaclar və kənar təsirlər bizi fərqli ünvanları da öyrənməyə məcbur edir.
Bu öyrəntilər maraq və bilik dairəmizi genişləndirsə də həyat yolumuzu tam dəyişmir.
Kimlərinsə haqqında “gündə bir ağla qulluq edir” anlayışı da var amma…
Onları necə başa düşək?
Başa düşməyin, yol göstərməyin, kömək etməyin xeyri olurmu?
Bunlar çox çətin suallar oldu.
Məncə bu haqda psixoloq danışmalıdır.
Yazılarımız da çox zaman psixoloji təsir, məsləhət, anlayış çərçivəsində olsa da, fərdi durum vəziyyəti başqa suallar doğurur.
Yazaq, yaza bilməsək danışaq, danışa bilməsək göstərək – əməllərimizlə, münasibətlərimizlə.
Hamımız gündə bir ağıla qulluq edək – ağıla, ağıllara, ağıllılara.
Deyilənlərin müxtəlif anlamlarda qəbulunda mövcud dünyagörüşü də böyük rol oynayır.
Harda yaşamışıq? Necə yaşamışıq? Nəyi bilirik, nəyi bilmirik? Kimi sevirik, kimi sevmirik?
Həyat yolu, yaşam ortamları, bilgilər ömür səhifəmizi təmiz saxlasın.
Ətrafımızdakı çirkinlikləri təmizləməyə çalışanlar isə mübarizə yolunu bacarıqlarına uyğun müəyyənləşdirsinlər, öz bacarıqlarının da düzgün qiymətini görsünlər.
Arzular da pisliklərdən uzaq olsun.
Sevinək ki, hələ ki, pislik yaxşılığı üstələməyib.
Tufanlar müvəqqətidir.
Dağıntıları bərpa etmək bacarığı hələ yaşayır.
Sənubər Səhər



