Məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı

Fransanın Konstitusiya Şurası parlamentin iyul ayında qəbul etdiyi və 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini bloklayıb.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

“Şura qərara alır ki, mübahisələndirilən müddəalar, bir tərəfdən, fikir ifadə etmək və ünsiyyət azadlığına qeyri-mütənasib zərər vurur, digər tərəfdən isə şəxsi həyata hörmət hüququnun təmin edilməsi üçün zəruri hüquqi təminatları nəzərdə tutmur”, – deyə qərarda bildirilib.

Qeyd edək ki, təşəbbüsü Fransa Prezidenti Emmanuel Makron dəstəkləyirdi. O, yeniyetmələr arasında tənhalıq və zorakılığın artmasını, eləcə də onların koqnitiv inkişafına təsirləri qadağanın səbəbləri kimi göstərirdi.

Fransa lideri, həmçinin ABŞ platformalarını və Çin alqoritmlərini gənclərin emosiyalarından gəlir əldə etməkdə ittiham edib.