Süni intellekt inkişaf edir, lakin bəzi insanlar və qruplaşmalar bu texnologiyadan sui-istifadə edərək saxta xəbərlər, foto və videolar hazırlayaraq tirajlayırlar. İlk baxışdan çox original görünən bu görüntüləri bir çox hallarda peşəkar jurnalistlər belə ayırd edə bilmirlər.
Bəs bu kimi saxta görüntüləri, xəbər materiallarını necə ayırd etmək olar? Bu kimi halların qarşısını almaq üçün insanlara, xüsusən də gənc nəsilə media savadlılığını necə aşılamaq olar?
Süni intellekt üzrə ekspert Dilarə Zamanova açıqlamasında bildirib ki, əsas məsələ texnologiyanın özü deyil, cəmiyyətin onu düzgün oxuma və qiymətləndirmə bacarığıdır:

“Süni intellekt son illərdə informasiya istehsalı və emalı sahəsində inqilabi dəyişikliklər yaradıb. Bu texnologiya təhsil, səhiyyə, biznes və media kimi sahələrdə məhsuldarlığı artırsa da, təəssüf ki, ondan dezinformasiya məqsədilə istifadə halları da sürətlə artır. Bu gün süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, videolar, səslər və hətta xəbər materialları adi istifadəçi üçün çox inandırıcı görünə bilir. Məhz buna görə artıq əsas məsələ texnologiyanın özü deyil, cəmiyyətin onu düzgün oxuma və qiymətləndirmə bacarığıdır. Saxta məzmunu müəyyən etmək üçün ilk növbədə mənbəyə diqqət yetirmək lazımdır. Xəbərin hansı media orqanı tərəfindən yayımlandığı, eyni məlumatın digər etibarlı xəbər resurslarında da yer alıb-almadığı yoxlanmalıdır. Vizual materiallarda isə qeyri-təbii üz ifadələri, işıq və kölgə uyğunsuzluğu, dodaq hərəkəti ilə səs arasında fərqlər, əllərin və barmaqların qeyri-real görünməsi kimi detallar şübhə yarada bilər. Bundan əlavə, görüntülərin və videoların orijinallığını yoxlamaq üçün əks şəkil axtarışı və müxtəlif fakt yoxlama platformalarından istifadə etmək mümkündür.
Lakin texnologiya sürətlə inkişaf etdikcə yalnız vizual əlamətlərə güvənmək kifayət etmir. Süni intellekt modelləri artıq çox yüksək keyfiyyətli məzmun yarada bilir. Buna görə də istifadəçilər emosional təsir yaratmağa çalışan, insanlarda qorxu, qəzəb və ya sensasiya hissi oyadan paylaşımlara xüsusilə tənqidi yanaşmalıdırlar.
Dezinformasiyanın əsas məqsədi insanların emosiyalarını manipulyasiya etmək və onların diqqətini cəlb etməkdir. Mən hesab edirəm ki, bu problemin əsas həlli texniki vasitələrdən daha çox rəqəmsal və süni intellekt savadlılığının artırılmasıdır. Məktəblərdə, universitetlərdə və ümumilikdə cəmiyyətdə AI savadlılığı formalaşdırılmalı, insanlara süni intellektin necə işlədiyi, hansı imkanlara malik olduğu və hansı risklər yaratdığı izah edilməlidir. İnsanlar yalnız “bu görüntü süni intellektlə hazırlanıb” deməyi deyil, bunu hansı əlamətlərə əsasən müəyyən etdiklərini də bilməlidirlər. Gələcəkdə süni intellektlə yaradılan məzmunun həcmi daha da artacaq. Buna görə də ən etibarlı müdafiə vasitəsi texnologiyadan qorxmaq deyil, onu anlamaq, tənqidi düşünmə bacarığını inkişaf etdirmək və məlumatı paylaşmazdan əvvəl onun doğruluğunu yoxlamağı vərdiş halına gətirməkdir. İnformasiya əsrində rəqəmsal savadlılıq artıq seçim deyil, hər bir vətəndaş üçün zəruri bacarıqdır”.
Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, süni intellektdən sui-istifadə hallarına qarşı insanları maarifləndirmək lazımdır:
“Hazırda informasiya o qədər universal vasitəyə çevirilib ki, cəmiyyətin və insanın şüurunu istənilən şəkildə manipuliyasiya edə bilir. Çox təəssüf ki, informasiyanın kütləviliyi də artıb. Bəşəriyyət heç vaxt bu qədər kütləvi informasiya hücumuna məruz qalmayıb. Məsələnin ən pis tərəfi odur ki, bəzən qəbul etdiyimiz informasiyalar süni intellekt vasitəsilə hazırlanır, original kimi görünən saxta xəbərlər, foto və videolar düzəldilir. Bu isə süni intellektdən sui-istifadəyə gətirib, çıxarır. Belə olduqda insanlar da doğru ilə yanlışı ayırd edə bilmirlər. Bu hal gələcək nəslin milli, ictimai şüurunun, intellektual bazasının formalaşmasına çox mənfi təsir göstərir. Hər nə qədər bununla ayaqlaşmağımız mümkün görünməsə belə, yenə də ona qarşı maksimum müqavimət göstərib, yeni nəslin təfəkkürünün sağlam və obyektiv əsaslarla formalaşmasına nail olmayıb. Bunun başqa yolu yoxdur. Heç şübhəsiz ki, bu da maariflənmədən keçir”.




