“1514-cü ildən sonra Şah İsmayıl qılınca əl atmamışdı” iddiası doğrudurmu..?-ARAŞDIRMA

“Çaldıran savaşından sonra Ubeydulla xan Xorasana (Məşhəd, Herat) hücumlar etdi. Şah İsmayıl (Allahın salamı olsun ona) öz təbəələrini qorumaq üçün yürüşə çıxdı və qarşı tərəfi Herat və ətraf bölgələrdən geri çəkilməyə məcbur etdi…”

Moderator.az  aktuallığını nəzərə alaraq tanınmış tədqiqatçı Araz Şəhrilinin “1514-cü ildən sonra Şah İsmayıl qılınca əl atmamışdı” iddiası doğrudurmu..?” başlıqlı araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:

Bəzi qeyri-ciddi tarixçilər iddia edirlər ki, Çaldıran döyüşündən sonra Şah İsmayıl (Allahın salamı olsun ona) ruh düşkünlüyünə qapılıb və əlinə bir daha qılınc almayıb. Lakin bütün mənbələr təsdiqləyir ki, Şah İsmayıl (Allahın salamı olsun ona) 1523-cü ilədək dövlətin sərhədlərini qorumaq üçün geniş miqyaslı hərbi kampaniyalar aparıb.

Çaldıran döyüşündən sonra Şah İsmayılın (Allahın salamı olsun ona) iştirak etdiyi və ya rəhbərlik etdiyi əsas hərbi yürüşlər bunlardır: 

1) Şəki və Şirvan yürüşü (1517–1518).

Çaldıran döyüşündən sonra Səfəvi dövlətinin zəiflədiyini düşünərək mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edən Şəki hakimi və Şirvanşahın üzərinə yürüş bölgədə Səfəvi hakimiyyətini yenidən möhkəmləndirdi. Amma onu da qeyd edək ki, həmin kampaniya, demək olar ki, qansız-qadasız baş tutdu. Yalnız yerli hakimlərin kiçik silahlı dəstələri ilə xırda toqquşmalar oldu. 

Bu səfərin digər məqsədi Şəkinin sünni camaatını gürcü feodallarının qanlı hücumlarından qorumaq idi. Çünki Şəki hakimi vilayətin müdafiəsi ilə bağlı üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmirdi…

2) Gürcüstan yürüşləri (1518–1522).

Şah İsmayıl (Allahın salamı olsun ona) Şərqi Gürcüstana (Kaxetiya və Kartli krallıqlarına) qarşı bir neçə dəfə hərbi yürüşə rəhbərlik etdi. Məsələn, 1522-ci ildə baş verən Teleti döyüşü zamanı gürcü qüvvələri məğlub edildi və bölgə Səfəvi imperiyasının tərkibinə daxil oldu. Bir daha vurğulayaq ki, Gürcüstan yürüşlərinin başlıca səbəbi gürcü knyazlarının silahlı quldur dəstələrinin Şəki və Şirvan üzərinə basqınları idi.

3) Şeybani təhlükəsinə qarşı mübarizə (1515-1523).

Xorasanda Səfəvi sərhədlərinə tez-tez hücum edən Şeybani xanlığına qarşı sərhəd bölgələrində ciddi hərbi tədbirlər görən Şah İsmayıl (Allahın salamı olsun ona) şərq sərhədlərinə yürüş edərək ölkənin ərazi bütövlüyünü qorudu.

Belə ki, Çaldıran savaşından sonra Ubeydulla xan Xorasana (Məşhəd, Herat) hücumlar etdi. Şah İsmayıl (Allahın salamı olsun ona) öz təbəələrini qorumaq üçün yürüşə çıxdı və qarşı tərəfi Herat və ətraf bölgələrdən geri çəkilməyə məcbur etdi.