İran Hörmüz boğazında yeni keçid marşrutu hazırlayır

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün jurnalistlərə açıqlamasında Tehran və Omanın Hörmüz boğazında müvəqqəti keçid marşrutunun müəyyənləşdirilməsi ilə bağlı razılığa yaxınlaşdığını bildirib.

Əraqçi deyib ki, iki ölkənin hərbi və dəniz qüvvələri arasında mövcud xəritələr əsasında danışıqlar aparılıb və həmin müzakirələrin yekununda yeni marşrut müəyyən ediləcək.

Onun sözlərinə görə, Omanla Hörmüz boğazının hüquqi mexanizmi və idarə olunması ilə bağlı danışıqlar davam edir.

İran XİN başçısı qeyd edib ki, tərəflər razılaşmaya çox yaxın olsa da, Hörmüz boğazının açılması ABŞ tərəfindən İslamabad anlaşmasının pozulmasına görə yaranmış öhdəliklərin kompensasiyası da daxil olmaqla, digər şərtlərdən asılıdır.

Əraqçi bildirib ki, əvvəllər mövcud olan TSS marşrutu artıq İran İslam Respublikası üçün gəmiçiliyə uyğun hesab edilmir və yeni TSS marşrutuna ehtiyac var. Onun sözlərinə görə, bu məsələ geniş texniki və hüquqi çətinliklər yaradır.

O əlavə edib ki, bu səbəbdən hazırda müvəqqəti marşrut üzərində danışılır və əsas marşrut müəyyən olunmazdan əvvəl həmin müvəqqəti yol baza kimi nəzərdə tutulacaq.