Uşağınızdan nənəsini qucaqlamağı xahiş edirsiniz, amma o, sizin arxanızda gizlənir. Siz narahat olursunuz, nənə inciyir, uşaq isə özünü gərgin hiss edir. Belə vəziyyət bir çox ailəyə tanışdır. Mütəxəssislər bildirirlər ki, uşağı qohumlarla məcburi ünsiyyətə vadar etmək onda hörmət hissi yaratmır, əksinə, öz hisslərini boğmağı öyrədir.
Araşdırmalar göstərir ki, istəmədiyi halda fiziki təmasa məcbur edilən uşaqlar böyüdükdə şəxsi sərhədlərini qorumaqda daha çox çətinlik yaşayırlar. Problemin həlli uşağı razı salmaqda deyil, ünsiyyətə yanaşmanı dəyişməkdədir. Uşağı qohumlarla məcburi ünsiyyətə vadar etmək həmin insanlara və ümumilikdə ünsiyyətə qarşı mənfi münasibət yarada bilər. Uşağın imtinası təhqir deyil, qoruyucu reaksiyadır. O, utana, qorxa və ya sadəcə ünsiyyətə hazır olmaya bilər. Oyun və tədrici yaxınlaşma məcburiyyətdən daha effektiv nəticə verir. Valideyn uşağın hisslərini qorumaqla yanaşı, qohumlara vəziyyəti sakit şəkildə izah etməlidir.
Uşaq niyə ünsiyyətdən qaçır?
Bunun müxtəlif səbəbləri ola bilər. 2-3 yaş dövründə bir çox uşaq, hətta əvvəllər gördüyü qohumlardan da çəkinə bilir. Yorğunluq, aclıq və ya həddindən artıq həyəcan da ünsiyyət istəyini azaldır. Əgər qohumlardan biri əvvəllər uşağı məcburi öpüb, qucaqlayıb və ya onu narahat edən hərəkət edib, uşaq bunu yadda saxlayaraq özünü qorumağa çalışa bilər. Bəzi uşaqlar isə sadəcə xarakter etibarilə yeni insanlara alışmaq üçün daha çox zamana ehtiyac duyurlar. Mütəxəssislər vurğulayırlar ki, uşaq niyə ünsiyyət istəmədiyini izah etməyə borclu deyil. Onun “yox” cavabı hörmətlə qarşılanmalıdır.
İlk addım – təzyiq göstərməyin
Valideyn “Nənəni incitmə, get qucaqla” dedikdə, uşaq seçim qarşısında qalır: ya öz hisslərini inkar etməli, ya da özünü günahkar hiss etməlidir.
Bunun əvəzinə belə demək tövsiyə olunur:
“Görürəm ki, indi qucaqlamaq istəmirsən. Problem deyil. Sadəcə əl edə bilərsən”.
Belə yanaşma uşağa hisslərinin dəyərli olduğunu göstərir.
Valideyn həm də uşağı diqqətlə müşahidə etməlidir. Ola bilsin, onu yüksək səs, qəfil hərəkətlər və ya qohumun davranış tərzi narahat edir. Bu səbəbi müəyyən etdikdən sonra qohumlara əvvəlcədən məlumat vermək daha faydalıdır.
İkinci addım – seçim haqqı verin
Qucaqlaşmaq yeganə salamlaşma forması deyil.
Valideyn uşağa alternativlər təklif edə bilər:
əl sıxmaq;
əl yelləmək;
sadəcə salam vermək;
yaxınlıqda dayanmaq.
Bu seçimlər uşağın vəziyyətə nəzarət hissini artırır və narahatlığını azaldır.
Valideyn qohuma da vəziyyəti nəzakətlə izah edə bilər:
“O, indi qucaqlaşmaq istəmir, amma səni gördüyünə sevinir. Bəlkə ona yeni kitabını göstərəsən”?
Beləliklə, diqqət fiziki təmasdan birgə fəaliyyətə yönəlir.
Üçüncü addım – qohumları əvvəlcədən hazırlayın
Mütəxəssislər hesab edirlər ki, valideynin əsas vəzifəsi uşağı dəyişmək deyil, qohumların gözləntilərini düzgün formalaşdırmaqdır.
Məsələn, görüşdən əvvəl nənəyə belə demək olar:
“Hazırda bir az çəkingəndir. Qoy özü rahat hiss etdiyi şəkildə salamlaşsın. Zəhmət olmasa qucaqlaşmağa təkid etmə. Bu, onun daha tez alışmasına kömək edəcək”. Əksər insanlar vəziyyət sakit və ittihamsız izah ediləndə bunu anlayışla qarşılayırlar.
Əgər qohum yenə də israr edərsə, valideyn sakit şəkildə:
“Biz onu qucaqlaşmağa məcbur etmirik. Ona öz hisslərinə hörmət etməyi öyrədirik”. – deyə bilər.
Nənəyə necə demək olar ki, inciməsin?
Mütəxəssislər məsləhət görürlər ki, bunu uşağın adından deyil, öz adınızdan deyin:
“Biz hazırda ona şəxsi sərhədlərinə hörmət etməyi öyrədirik. Ona görə də qucaqlaşmaya bilər. Amma bu o demək deyil ki, səni sevmir”. Belə izah nənənin diqqətini imtinadan yox, tərbiyə prinsipindən yana yönəldir.
Qohum israr etməyə davam edərsə…
Valideyn vəziyyəti dayandırmaq hüququna malikdir.
“Zəhmət olmasa təkid etmə. Ona bir az vaxt lazımdır”.
Əgər bu da nəticə vermirsə, uşağı sakitcə həmin mühitdən uzaqlaşdırmaq tövsiyə olunur.
Uşaq qəti şəkildə etiraz edirsə, onu qohumun yanında qoymaq olarmı?
Psixoloqlar hesab edirlər ki, əgər uşaq qəti şəkildə qalmaq istəmirsə, onu məcbur etmək olmaz. Bu, dərin narahatlıq və ya qorxu hissinin göstəricisi ola bilər. Əgər uşağı qohumun yanında saxlamaq zəruridirsə, buna tədricən başlamaq lazımdır: əvvəlcə qısa müddətə, tanıdığı başqa bir insanın yanında və yalnız uşaq özü buna hazır olduğunu göstərdikdən sonra. Mütəxəssislər vurğulayırlar ki, uşağın “yox” cavabına hörmət etmək onun ərköyün böyüməsi deyil. Bu, sağlam özünəinamın və şəxsi sərhədlərin formalaşmasının əsas şərtlərindən biridir. Valideynin vəzifəsi uşağı və qohumları qarşı-qarşıya qoymaq deyil, onların arasında körpü rolunu oynamaqdır. Təzyiq əvəzinə izah etmək, alternativ təklif etmək və uşağa vaxt vermək daha sağlam münasibətlərin qurulmasına kömək edir.




