B12 vitamini çatışmazlığı mədə xərçəngi riskini əhəmiyyətli dərəcədə artıra bilər. Alimlər bildirirlər ki, bu vitamin orqanizmin normal fəaliyyəti, xüsusilə sinir sisteminin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.
Aparılan araşdırmanın nəticələrinə görə, qanda B12 vitamininin aşağı səviyyəsi mədə xərçənginin inkişaf riskini təxminən 5,8 dəfə artırır.
Tədqiqat Finlandiyada 29 mindən çox siqaret çəkənin iştirakı ilə aparılıb. Mütəxəssislər B12 vitamini ilə yanaşı, folat, B6 vitamini, riboflavin və homosistein səviyyələrini də analiz ediblər.
Mütəxəssislərin sözlərinə görə, B12 vitamini çatışmazlığı daha çox yaşlı insanlarda rast gəlinir. Bu səbəbdən həkimlər risk qrupunda olan şəxslərə mütəmadi tibbi müayinədən keçməyi və vitamin səviyyələrini nəzarətdə saxlamağı tövsiyə edirlər.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, araşdırma B12 çatışmazlığı ilə mədə xərçəngi arasında əlaqə aşkar etsə də, bu, vitamin çatışmazlığının birbaşa xərçəngə səbəb olduğunu sübut etmir. Xərçəngin inkişafında genetik, ətraf mühit və həyat tərzi kimi bir sıra digər amillər də mühüm rol oynayır.




