Finlandiyanın daxili işlər naziri Mari Rantanen Avropa ölkələrini, İspaniyanın Şengen zonasından müvəqqəti çıxarılması ilə bağlı İtaliyanın təklifini dəstəkləməyə çağırıb.
Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“İspaniya Şengen zonasının xarici sərhədini qanunsuz keçidlərdən qorumağın öhdəsindən gələ bilmədi. Bu vəziyyət belə davam edə bilməz”, – deyə Rantanen bildirib.
Bundan əvvəl İtaliyanın baş naziri Corcia Meloni ölkəsinin sərhədlərini və vətəndaşların təhlükəsizliyinin qorunması üçün fövqəladə tədbirlər görməyə, o cümlədən İspaniya ilə Şengen rejiminin müvəqqəti dayandırılmasına hazır olduğunu açıqlamışdı.
İyulun 30-da yayılan məlumatlara görə, Afrikanın şimalında yerləşən İspaniyanın muxtar şəhəri Seutaya təxminən 20 min miqrant daxil ola bilər. Bildirilir ki, miqrantlar Mərakeş təhlükəsizlik qüvvələrinin ciddi müqaviməti ilə üzləşməyiblər.
Məlumata əsasən, təkcə son bir həftə ərzində 1,5 min nəfər üzərək Seutaya çatıb, digərləri isə Mərakeşdən piyada keçərək şəhərə daxil olublar.
Qeyd edək ki, Seuta coğrafi mövqeyinə görə uzun illərdir qeyri-qanuni miqrasiya axını ilə üzləşir. 2021-ci ildə cəmi bir neçə gün ərzində təxminən 10 min nəfər, əsasən Mərakeş vətəndaşları şəhərə keçmişdi. Miqrasiya axınının qarşısını almaq məqsədilə Seuta ilə Mərakeş sərhədində hündür tikanlı məftilli hasar inşa edilib.




