Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? – Nazirliyin mütəxəssisi izah edir

“Vətəndaş qeyri-iş günü hansı bir heyvan tərəfindən xəsarət alarsa dərhal təcili təxirəsalnmaz tibbi yardıma və ya yaxınlıqda olan daimi (7/24) fəaliyyət göstərən tibb mərkəzinə müraciət etməlidir”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, burada tibb işçisi tərəfindən xəsarət alana ilkin tibbi yardım göstərilməli və müalicə kursu başlanmalıdır:

“Quduzluq xəstəliyinə qarşı həm uşaqlara, həm də böyüklərə eyni dozada antirabik vaksin vurulur. Müalicə tibb müəssisəsində həkim tərəfindən vaksinin istehsalçısı ilə müəyyən edilmiş kursa uyğun təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalıbsa, o zaman şərti müalicə kursu təyin edilir. Hazırda, Respublikada istifadə olunan vaksinə uyğun olaraq şərti müalicə zamanı zərərçəkənə müraciət etdiyi, yəni 0-ci, 3-cü və 7-ci günlərdə antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu və ya məlum olsa belə, lakin 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti kurs zamanı müraciət edilən, yəni 0-ci gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir”.

A.Qurbanova qeyd edib ki, zədənin bədənin hansı nahiyəsindən olduğundan asılı olaraq pasientə antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur: “Belə ki, bədənin yuxarı hisəsində olan zədələnmələrdə və quduzluq diaqnozu təstiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir. Bundan başqa tetanus xəstəliyindən qorunmaq üçün xəsarət alana tetanus əleyhinə anatoksin vurulur. Vaksinasiyadan sonra aktiv immunitet 10–14 gün ərzində formalaşır və tam kurs peyvənd aldıqdan sonra insanı 1 il müddətinə qoruyur”.