İnsan ömrünü 10-15 il qısaldan əsas amillər açıqlandı

İnsan ömrünü dəqiq neçə il qısaldığını müəyyən etmək mümkün olmasa da, bəzi vərdiş və amillərin həyat müddətinə ciddi təsir göstərdiyini göstərən elmi statistikalar mövcuddur.

Bu barədə rusiyalı terapevt Kristina Radina Life.ru-ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, hər gün bir qutu siqaret çəkmək insan ömrünü orta hesabla 7-10 il qısalda bilər.

O bildirib ki, tərkibində kanserogen maddələr olan kolbasa, sosiska, servelat və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı kolorektal xərçəng riskini artırır. Bu isə ömrün 2 ildən 15 ilə qədər qısalmasına səbəb ola bilər.

Mütəxəssis əlverişsiz ekoloji şəraitin də sağlamlığa mənfi təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, çirkli hava və avtomobillərin işlənmiş qazlarına uzun müddət məruz qalmaq insan ömrünü orta hesabla 5-7 il azalda bilər.

Kristina Radina qeyd edib ki, hipodinamiya, yəni hərəkətsiz həyat tərzi də ömrü 7-10 il qısaldan əsas risk amillərindən biridir.

Həkim genetik amillərin də nəzərə alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, ailədə rast gəlinən xəstəlikləri vaxtında araşdırmaq və profilaktik tədbirlər görmək mühüm əhəmiyyət daşıyır.

“Xərçəng, piylənmə ilə müşayiət olunan şəkərli diabet, ürək-damar xəstəlikləri və hipertoniya kimi problemlər insan ömrünü əhəmiyyətli dərəcədə azalda bilər. Yaxın qohumlarda bu xəstəliklərdən hər hansı biri müşahidə olunubsa, onların inkişaf riski də artır. Belə xəstəliklər ömrü təxminən 10 il qısalda bilər”, – deyə o bildirib.

Mütəxəssis qidalara həddindən artıq duz əlavə etməyin də təhlükəli vərdiş olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, ömrü 3-5 il azalda bilər. Duzlu qidalar damarların vəziyyətini pisləşdirir, arterial təzyiqi yüksəldir və orqanizmdə maye toplanmasına səbəb olur. Nəticədə hipertoniyanın inkişaf riski artır.

Kristina Radina uzun müddət tıxacda qalmağın da sağlamlığa mənfi təsir göstərdiyini bildirib.

“Tıxacda uzun müddət qalmaq hərəkətsiz həyat tərzinin bir hissəsidir. Bu, ürəyin işemik xəstəliyi və ağciyər xərçəngi riskini artıraraq ömrü təxminən 10 il qısalda bilər. Bundan başqa, uzun məsafə qət edən sürücülərin üzünün bir tərəfi daim günəş şüalarına məruz qalır. Günəşdən qoruyucu vasitələrdən istifadə edilmədikdə dərinin vaxtından əvvəl qocalması və dəri xərçəngi riski artır. Bu da ömrün təxminən 10 il qısalmasına səbəb ola bilər”, – deyə həkim fikrini yekunlaşdırıb.