Belə xəstəliklərin yaranmasına səbəb olan əsas amillər stress, sosial gərginlik və insanların gələcəklə bağlı daimi narahatlığıdır
Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə bağlı qeydiyyatda olan şəxslərin sayı 323 min 775 nəfərə çatıb. Dövlət Statistika Komitəsinin 2026-cı ilin əvvəlinə olan rəsmi məlumatlarına əsasən, ölkədə bu kateqoriya üzrə ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb. Paytaxtda 139 min 334 nəfər qeydiyyatda olmaqla, ümumi göstəricinin təxminən 43 faizini təşkil edir.
Bakı rayonları arasında ilk üçlükdə Sabunçu (25 249 nəfər), Xətai (23 715 nəfər) və Yasamal (15 752 nəfər) yer alır. Sonrakı pillələrdə Binəqədi, Suraxanı, Xəzər və Səbayel rayonları qərarlaşıb.
İqtisadi rayonlar üzrə də diqqətçəkən göstəricilər qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda Sumqayıt şəhərində 28 min 798, Şəki-Zaqatala iqtisadi rayonunda Şəki rayonunda 26 min 426, Qazax-Tovuz iqtisadi rayonunda Şəmkirdə 23 min 873, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə Gəncədə 16 min 393 nəfər bu xəstəliklər üzrə qeydiyyata alınıb.
Qarabağ iqtisadi rayonunda ən yüksək göstərici Ağdamda (5 min 70 nəfər), Mərkəzi Aranda isə Göyçayda (6 min 931 nəfər) qeydə alınıb.
Ən aşağı göstəricilər isə Laçın (20 nəfər), Balakən (33 nəfər), Samux (38 nəfər), Pirallahı (47 nəfər) və Babək (136 nəfər) rayonlarında müşahidə olunub.
Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə bağlı qeydiyyatda olan şəxslərin sayının 323 min nəfəri ötməsi bu sahədə narahatlığın artdığını göstərir. Mütəxəssislərin fikrincə, bunun arxasında bir neçə əsas amil dayanır.
İlk növbədə, müasir həyat tərzi, davamlı stress, iqtisadi və sosial gərginlik, yuxu pozğunluğu və informasiya yükünün artması insanların sinir sisteminə mənfi təsir göstərir. Xüsusilə böyük şəhərlərdə gərgin iş rejimi, nəqliyyat sıxlığı və ekoloji amillər psixoloji və nevroloji problemlərin artmasına səbəb olur.
Digər tərəfdən, son illərdə tibbi xidmətlərə əlçatanlığın yaxşılaşması və diaqnostika imkanlarının genişlənməsi əvvəllər aşkar edilməyən bir çox xəstəliyin qeydiyyata alınmasına şərait yaradıb. Bu da rəsmi statistikada xəstələrin sayının artmasına təsir göstərən əsas amillərdən biridir.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. A.Qeybulla deyib ki, ümumiyyətlə, sinir sistemi xəstəlikləri ilə psixi xəstəliklər arasında müəyyən sərhəd var: “Sinir sistemi xəstəlikləri əsəb sisteminin bütün pozuntularını və xəstəliklərini əhatə edir. Psixi xəstəliklər isə ətraf aləmin düzgün qavranılmaması, qarabasmalar və hallüsinasiyaların meydana çıxması ilə fərqlənir.
Bununla yanaşı, sərhəd xəstəlikləri də mövcuddur. Bəzən hallüsinasiyalar nevrogen xəstəliklər zamanı da müşahidə oluna bilər”.
A.Qeybulla qeyd edir ki, hazırda ən geniş yayılmış problemlərdən biri nevrozdur: “Bundan başqa, panik pozuntular, panik ataklar, həyəcan halları və sinir sisteminin dayanıqlığının müxtəlif formalarda pozulması geniş yayılıb. İnsan orqanizmində vegetativ, yəni avtonom sinir sistemi fəaliyyət göstərir. Biz bunu adi halda nə hiss edirik, nə də duyuruq. Halbuki bu sistem orqanizmdə gedən bütün mübadilə proseslərini, hərəkəti və koordinasiyanı tənzimləyir. Vegetativ sinir sisteminin simpatik və parasimpatik şöbələri var və bu iki sistem normal halda balans şəraitində fəaliyyət göstərir. Bəzən həmin balans pozulur, nəticədə sinir sisteminin dayanıqlığı zəifləyir və insanlarda müxtəlif problemlər meydana çıxır.
Bəzi xəstələrdə gözlənti tipli nevrotik pozuntular olur. Onlar daim həyəcan içində nəyisə gözləyir, müxtəlif qorxular yaşayırlar. Bu həyəcan zaman keçdikcə onların psixikasına və bədəninə hopur. İstənilən triqqer, yəni stress faktoru həmin vəziyyəti daha da gücləndirə bilər. Hətta bəzən insan heç bir xarici təsir olmadan, sadəcə, sakitcə oturub nəyisə düşündüyü zaman belə bu vəziyyətə düşə bilər”.
Professor hesab edir ki, güclü sinir sistemi hər insana xas xüsusiyyət deyil. Onun fikrincə, insanın ruhən möhkəm olması, ətraf aləmi düzgün qavraması və daxili tarazlığını qoruya bilməsi böyük əhəmiyyət daşıyır: “Ətraf aləmi düzgün qavraya bilməmək, sinir sisteminin zəif olması, daxili balansın pozulması insanın həm sinir sisteminin dayanıqlığını, həm də ətraf aləmlə harmoniyasını pozur.
Belə xəstəliklərin yaranmasına səbəb olan əsas fon amilləri isə stress, sosial gərginlik və insanın gələcəklə bağlı daimi narahatlığıdır. Məsələn, insan düşünür ki, evdə övladı ağır xəstələnsə nə edəcək, hansısa hadisə baş versə necə davranacaq. Bu cür dərin və davamlı düşüncələr sosial faktorlarla birləşərək insanda daxili vahimə yaradır. Məhz həmin daxili vahimə sinir sisteminin dayanıqlığını pozur və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bəzən bu problemlərin korreksiyası və müalicəsi uzun müddət davam edir”.
A.Qeybulla qeyd edir ki, belə hallarda yalnız dərman müalicəsinə üstünlük vermək düzgün yanaşma deyil: “Nevropatoloqlar bu xəstələrə müxtəlif sakitləşdirici və psixotrop preparatlar təyin edirlər. Lakin istənilən halda xəstənin psixikası ilə də işləmək lazımdır. Əsas məqsəd insanın özünə inamını bərpa etməkdir. Buna görə də təkcə dərman müalicəsi kifayət etmir”.
Professorun sözlərinə görə, narahatedici məqamlardan biri də bu problemlərin artıq gənclər arasında geniş yayılmasıdır: “İnsanlar özlərini rahat, təhlükəsiz və məmnun hiss etdikləri, cəmiyyətdə sabitlik hökm sürdüyü dövrlərdə belə xəstəliklərə daha az rast gəlinir. Ancaq bu gün bütün dünyada intihar hallarının artması da göstərir ki, bu problem qlobal xarakter daşıyır. İntiharların böyük bir hissəsi məhz nevrogen dəyişikliklər və psixoloji amillərlə əlaqəlidir.
Xüsusilə mobil telefonlardan intensiv istifadə də sinir sisteminə təsir göstərən amillərdən biridir. Bildiyiniz kimi, bunlar yüksək tezlikli radio dalğaları ilə işləyir və orqanizmdə gedən biokimyəvi proseslərə müəyyən təsirlər göstərə bilər. Bundan başqa, müxtəlif radio dalğalarının geniş şəbəkə şəklində ətraf mühiti əhatə etməsi, insanların məişət problemləri, gündəlik qayğıları, dünyada baş verən müharibələr və digər gərgin hadisələr də insan psixologiyasına təsirsiz ötüşmür. Dünyada sabit həyatın pozulması insanların psixi vəziyyətinə də birbaşa təsir göstərir. Bununla yanaşı, içməli suyun, qida məhsullarının və dərman vasitələrinin keyfiyyət göstəriciləri də psixi sferaya müəyyən təsir edə bilər. Bu amili də tamamilə kənarda qoymaq düzgün olmaz”.
Müsahibimiz hesab edir ki, bütün bu amillər arasında ən ciddi problemlərdən biri insanların canlı ünsiyyətdən uzaqlaşmasıdır: “İnsanları bu vəziyyətə gətirib çıxaran ən mühüm səbəblərdən biri ünsiyyətin zəifləməsidir. Bu gün mobil telefonlar insanların özünə qapanmasına səbəb olur. Hətta yaxınlarından xəbər almaq üçün belə insanlar üz-üzə görüşmək əvəzinə evdən görüntülü danışmağa üstünlük verirlər. Bu isə canlı ünsiyyət imkanlarını ciddi şəkildə azaldır. Halbuki insanlar bir araya gəlib söhbət etməli, dərdlərini bölüşməli, səmimi qayğılarını danışmalı və bununla psixoloji rahatlıq tapmalıdırlar. Bu cür ünsiyyət insanın emosional boşalmasına, relaks olmasına kömək edir. Təəssüf ki, bu gün həmin ünsiyyət əvvəlki səviyyədə yoxdur. Bu isə çox ciddi amildir və texnoloji inkişafın yaratdığı mənfi nəticələrdən biri kimi qiymətləndirilə bilər”.




