İqlim dəyişikliyi planetdəki bütün canlılar üçün ciddi sınağa çevrilib. Xüsusilə temperatur və rütubət dəyişikliklərinə həssas olan həşəratlara ciddi təsir göstərir.
Bu barədə “nauka.ru” nəşri yazıb.
İqlim istiləşməsi arıların yayılma arealını dəyişəcək
Tomsk Dövlət Universitetinin bioloqları əsrin sonuna qədər on kağız arısı növünün (Vespidae) taleyini öyrənmək üçün kompüter modelləşdirməsi aparıblar. Araşdırmaya görə, iqlim dəyişiklikləri arıları şimala doğru köçməyə məcbur etməklə yanaşı, onların mikroplastik yayılmasında da rolunu artıra bilər.
Alimlər qeyd edir ki, arılar ekosistem üçün vacib canlılardır. Onlar meşə və bağ zərərvericilərini məhv edir, eyni zamanda bitkilərin tozlanmasında iştirak edirlər. Buna görə də onların yayılma arealındakı dəyişiklik bütün ekosistemə təsir göstərə bilər.
Tədqiqatın nəticələrinə əsasən, Rusiyanın şimal və şərqində temperaturun yüksəlməsi bəzi arı növlərinin yeni ərazilərə yayılmasına şərait yaradacaq. Adi şeşə arısı, alman arısı və adi arı kimi dözümlü növlər Sibir və subarktik zonalarda geniş yayıla biləcək. Lakin bəzi həssas növlərin yaşayış sahələri azalacaq və onlar yeni iqlim şəraitinə uyğunlaşmaqda çətinlik çəkəcəklər.

Arılar mikroplastiki yeni ərazilərə daşıya bilər
Alimlər hesab edir ki, arıların yayılma arealının dəyişməsi mikroplastikin də yayılma yollarını dəyişəcək. Kağız arıları yuvalarını ağac liflərindən hazırladıqları üçün bu adı alıblar. Onlar ağac hissəciklərini çeynəyərək tüpürcəkləri ilə qarışdırır və yüngül, möhkəm material əldə edirlər. Lakin müasir dövrdə insan fəaliyyəti nəticəsində ətraf mühitdə çoxalan plastik hissəciklər də onların yuvalarına daxil olur.
Arılar bəzən yuvalarının divarlarında sintetik liflər və plastik hissəciklərdən istifadə edirlər. Bundan əlavə, insan yaşayış yerləri və tullantı sahələri yaxınlığında qida axtararkən mikroplastikləri də udurlar. Bu hissəciklər onların orqanizmində toplanır və daha sonra ətraf mühitə yayıla bilər.
Alimlərin fikrincə, şimala doğru yayılan arılar mikroplastiki əvvəllər toxunulmamış tayqa və tundra ekosistemlərinə daşıya bilərlər. Arıları yeyən quşlar, suda-quruda yaşayanlar və kiçik məməlilər isə həmin plastik hissəcikləri qida zəncirinə daxil edəcəklər.
İqlim dəyişikliyi və çirklənmə bir-birini gücləndirir
Tədqiqatçılar bildirir ki, əvvəllər qlobal istiləşmə və mikroplastik çirklənməsi iki ayrı problem kimi araşdırılırdı. Yeni araşdırma isə göstərir ki, bu proseslər bir-birini gücləndirə bilər. Arıların gələcək yayılma arealını öyrənmək təkcə bu həşəratların taleyini deyil, həm də çirkləndirici maddələrin qitə miqyasında necə yayılacağını anlamağa kömək edir.
Hazırda alimlər müxtəlif iqlim zonalarından toplanan arı yuvalarını və onların həzm sistemlərini laboratoriyada araşdırırlar. Məqsəd bu həşəratların əvvəllər çirklənməmiş ərazilərə nə qədər plastik daşıya biləcəyini müəyyən etməkdir.




