“22 saatlıq uçuşlar üçün nəzərdə tutulan təyyarə tarixi reys həyata keçirdi: nə məlumdur?” – KİV-lər

18 min kilometrə qədər məsafəni yerə enmədən qət edə bilən yeni “Airbus A350-1000 Ultra Long Range” (ULR) təyyarəsi dünyanın ən uzun fasiləsiz sınaq uçuşunu uğurla həyata keçirib.

Bu barədə “Unilad” nəşri məlumat yayıb. 

Dünyanın ən uzun fasiləsiz sınaq uçuşu

Nəşr yazır ki, uçuş “Qantas” aviaşirkətinin uzaqməsafəli marşrutların yaradılmasını nəzərdə tutan “Project Sunrise” layihəsi çərçivəsində gözləniləndən təxminən 15 ay əvvəl baş tutub. “Airbus A350-1000 ULR” Fransanın Tuluza şəhərindən havaya qalxaraq Avstraliyanın Melburn şəhərinə 19 saatlıq sınaq uçuşu həyata keçirib. Reys aviasiya həvəskarlarının böyük marağına səbəb olub və “FlightRadar24” platformasında ən çox izlənilən obyektə çevrilib.

22 saatlıq fasiləsiz uçuş imkanı

Bu, təyyarənin ilk sınağı olmayıb. İyunun 2-də “Airbus A350-1000 ULR” Fransa ərazisi və Atlantik sahilləri üzərində 3 saat 43 dəqiqəlik ilkin uçuş həyata keçirib. “Qantas” şirkəti 2017-ci ildə dünyanın ən uzun kommersiya fasiləsiz uçuşlarını reallaşdırmaq məqsədilə “Project Sunrise” layihəsinə başlayıb. Layihə çərçivəsində Sidney və Melburndan Londona və Nyu-Yorka birbaşa reyslərin açılması planlaşdırılır. “Airbus” şirkətinin məlumatına görə, “A350 Ultra Long Range” modeli yerə enmədən təxminən 18 min kilometr məsafə qət edə bilir. Bu isə 22 saata qədər fasiləsiz uçuş imkanı yaradır.

İlk kommersiya reysi 2027-ci ildə başlayacaq

“Qantas” şirkəti uğurlu sınaq uçuşundan sonra Sidney-London arasında gündəlik reyslərin 2027-ci ilin oktyabrında başlayacağını təsdiqləyib. Biletlərin satışına həmin ilin fevralında başlanmalıdır. Melburn-Nyu York və Melburn-London marşrutlarının başlanma tarixləri isə hələ müəyyənləşdirilməyib. “Qantas” 2022-ci ildə 12 ədəd “Airbus A350-1000 ULR” təyyarəsi sifariş edib. Bu təyyarələr xüsusi olaraq ultra uzaqməsafəli uçuşlar üçün hazırlanıb.

Şirkətin baş direktoru Vanesa Hadson bildirib ki, yeni təyyarələr alındıqca əlavə uzaqməsafəli marşrutlar mərhələli şəkildə elan ediləcək. Onun sözlərinə görə, əvvəlcə Sidney reyslərinin kommersiya uğuru qiymətləndiriləcək. “Qantas”ın maliyyə direktoru Rob Markolina isə bildirib ki, yeni təyyarələr Boeing 787-lərin digər beynəlxalq istiqamətlərdə istifadəsinə imkan verəcək. Gələcək marşrutlar arasında Çikaqo, Amerika ölkələri, Afina və Afrika istiqamətləri də ola bilər.