Azərbaycanda Çin istehsalı avtomobillər üçün ehtiyat hissələrinin qiymətlərində son günlər nəzərəçarpacaq bahalaşma müşahidə olunur.
Bəzi ehtiyat hissələrinin dəyəri qısa müddət ərzində iki dəfədən çox artıb. Satıcılar bunu əsasən bazarda məhsul çatışmazlığının yaranması ilə əlaqələndirirlər.
Çin avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı ilə məşğul olan Tural Rəhmanlının sözlərinə görə, son vaxtlar Hörmüz boğazında yaranmış vəziyyət beynəlxalq daşımaların təşkilinə mənfi təsir göstərib. Nəticədə həm ehtiyat hissələrinin tədarükündə gecikmələr yaranıb, həm də onların qiymətləri yüksəlib.
Onun sözlərinə görə, əvvəl istifadə olunan nəqliyyat marşrutlarının bir hissəsinin məhdudlaşması idxalçıları alternativ və daha uzun marşrutlardan istifadə etməyə məcbur edir. Bu isə daşınma xərclərinin artmasına səbəb olur və nəticədə əlavə xərclər məhsulların satış qiymətinə də təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, anbarlarda ehtiyat hissələrinin azalması və bazarda tələbatın yüksək qalması da qiymət artımını sürətləndirən əsas amillərdəndir.
Bahalaşma yalnız yeni ehtiyat hissələrini əhatə etmir. İkinci əl avtomobil hissələrinin qiymətlərində də artım qeydə alınıb. Satıcıların sözlərinə görə, bəzi istifadə olunmuş ehtiyat hissələrinin qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 15-20 faiz yüksəlib.




