Astronavtların xilas edilməsinin mümkün olmayacağı vəziyyətlər açıqlanıb.
NASA-nın müstəqil auditorları “Artemis” Ay proqramında ciddi çatışmazlıq aşkar ediblər.
Bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.
Agentliyin Baş Müfəttiş İdarəsinin hesabatına görə, gələcək Ay missiyaları zamanı fövqəladə vəziyyət yaranarsa, NASA astronavtları operativ şəkildə təxliyə etmək və ya xilas etmək imkanına malik olmayacaq.
NASA-nın hazırkı planına əsasən, “Artemis” proqramı çərçivəsində ilk amerikalıların Aya enişi 2028-ci ildə nəzərdə tutulur. Lakin ekspertlər bildirir ki, missiya zamanı Ay səthində ehtiyat eniş aparatı, fövqəladə sığınacaq və ya ekipajı təxliyə edə biləcək başqa vasitə olmayacaq.
Ayın cənub qütbü riskli ərazidir
Hesabatda qeyd olunur ki, astronavtlar Ayın cənub qütbü bölgəsində işləyəcəklər. Bu ərazi kraterlər, böyük daşlar və dik yamaclarla çox mürəkkəb relyefə malikdir. Mütəxəssislərin fikrincə, burada qəza ehtimalı “Apollon” proqramının eniş bölgələrindən daha yüksəkdir.
Əgər eniş modulu aşarsa və ya ciddi nasazlıq yaranarsa, astronavtlar Ay səthindən qalxaraq orbitə qayıtmaq imkanını itirə bilər. Hesabatda deyilir: “Əgər astronavtlar kosmosda və ya Ay səthində həyat üçün təhlükəli fövqəladə vəziyyətlə üzləşsələr, NASA-nın ekipajı xilas etmək imkanı olmayacaq”.
Ehtiyat xilasetmə sistemi təklif olunur
NASA Ay eniş modullarının hazırlanması üçün “SpaceX” və “Blue Origin” şirkətləri ilə müqavilələr bağlayıb. Lakin fövqəladə hallar üçün ehtiyat modulun yaradılması nəzərdə tutulmayıb.
Kosmik analitik Brayan Herli Aya əvvəlcədən əlavə modul, yanacaq ehtiyatları və həyat təminatı sistemləri göndərməyi təklif edir. Onun hesablamalarına görə, belə layihə 3-5 milyard dollara başa gələ bilər ki, bu da ümumi büdcəsi 100 milyard dolları keçən “Artemis” proqramı üçün böyük
məbləğ deyil.
Ekspertlər bildirir ki, “Space Shuttle” proqramının 2011-ci ildə başa çatmasından sonra NASA insanlı missiyalar üçün tammiqyaslı xilasetmə sistemi hazırlamayıb. NASA isə riskləri yenidən qiymətləndirəcəyini və astronavtların Ay səthində təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlər görəcəyini açıqlayıb.




