Alimlər bu meyli piylənmə, diabet və ətraf mühit amilləri ilə əlaqələndirir.
Son araşdırmalar kişilərdə testosteron səviyyəsinin son 50 ildə 50 faizdən çox azaldığını göstərir.
Bu barədə Almaniyanın “Die Welt” nəşri yazıb.
Testosteron səviyyəsi kəskin azalır
Tədqiqat 1972-2019-cu illəri əhatə edib və İsrail, ABŞ, Braziliya, Finlandiya və Danimarkadan ümumilikdə 118 mindən çox kişinin məlumatları təhlil olunub. Alimlər bildirir ki, testosteron yalnız cinsi istək və sperma istehsalı üçün deyil, həm də əzələ kütləsi, sümük möhkəmliyi, maddələr mübadiləsi və psixoloji vəziyyət üçün mühüm hormondur. Onun azalması yorğunluq, əsəbilik və depressiya ilə də əlaqələndirilir.
Səbəblər nədir?
Tədqiqat müəlliflərinin fikrincə, testosteronun azalmasının əsas səbəblərindən biri dünyada piylənmə və diabet hallarının sürətlə artmasıdır. Artıq piy toxuması testosteronu estrogenə çevirdiyindən, artıq çəki hormonun səviyyəsinin aşağı düşməsinə səbəb olur və bu proses zamanla daha da dərinləşir. Bundan başqa, alimlər insulin müqavimətinin, qanda şəkərin yüksək olmasının, eləcə də məişətdə istifadə olunan bəzi kimyəvi maddələrin, o cümlədən “əbədi kimyəvi maddələr”in hormonal balansı poza biləcəyini qeyd edirlər.
Özbaşına testosteron qəbul etmək təhlükəlidir
Mütəxəssislər xəbərdarlıq edir ki, həkim məsləhəti olmadan testosteron preparatlarından istifadə etmək təhlükəlidir. Süni şəkildə qəbul edilən hormon orqanizmə testosteronun kifayət qədər olduğu siqnalını verə və nəticədə onun təbii istehsalını daha da azalda bilər. Araşdırma müəllifləri hesab edir ki, kişilərin reproduktiv sağlamlığında müşahidə olunan bu uzunmüddətli dəyişikliklər ciddi elmi araşdırmalar və profilaktik tədbirlər tələb edir.




