Müasir paltaryuyan maşınlarda olan Eco rejimi həm elektrik enerjisinə, həm də su sərfiyyatına qənaət etmək üçün hazırlanıb. Bu proqram gündəlik paltarların effektiv yuyulmasını təmin etməklə yanaşı, resurslardan daha səmərəli istifadə etməyə imkan verir.
Eco rejiminin əsas məqsədi yuma keyfiyyətini qoruyaraq enerji xərclərini azaltmaq və ətraf mühitə təsiri minimuma endirməkdir.
Eco rejimi necə işləyir?
Adi yuma proqramlarından fərqli olaraq, Eco rejimində su daha aşağı temperaturda və tədricən qızdırılır. Bunun əvəzində yuma prosesi daha uzun çəkir. Beləliklə, yuyucu vasitə parçanın liflərinə daha uzun müddət təsir göstərir və çirkləri effektiv şəkildə təmizləyir.
Paltaryuyan maşınlarda elektrik enerjisinin ən çox sərf olunduğu mərhələ suyun qızdırılmasıdır. Eco rejimi məhz bu prosesi optimallaşdıraraq enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır.
Eco rejimi nə qədər davam edir?
Standart proqramlar adətən 1,5-2 saat davam etdiyi halda, Eco rejimi 3-4 saata qədər çəkə bilər. Bəzi modellərdə tam yüklənmə zamanı bu müddət daha da uzun ola bilər.
Proqramın uzun çəkməsi çoxlarını daha çox enerji sərf olunduğunu düşündürsə də, əslində vəziyyət tam əksinədir. Su aşağı temperaturda qızdırıldığı və bütün proses optimallaşdırıldığı üçün ümumi enerji sərfiyyatı azalır.
Eco rejimində hansı paltarları yumaq olar?
Bu proqram əsasən pambıq parçalar və gündəlik istifadə olunan geyimlər üçün nəzərdə tutulub. Aşağıdakı geyim və tekstil məhsulları Eco rejimində rahatlıqla yuyula bilər:
köynəklər;
futbolkalar;
şalvarlar;
yataq dəstləri;
dəsmallar;
pambıq parçadan hazırlanan digər geyimlər.
Uzun yuma müddəti sayəsində yuyucu vasitə liflərə daha yaxşı nüfuz edir və aşağı temperaturda belə yaxşı nəticə əldə olunur.
Eco rejimində sıxma necə olur?
Sıxma mərhələsi digər proqramlardan ciddi şəkildə fərqlənmir. Əksər paltaryuyan maşınlarda 1000–1400 dövr/dəqiqə sürətində sıxma mümkündür. Buna görə də paltarlar adi proqramlarda olduğu kimi kifayət qədər yaxşı sıxılmış vəziyyətdə çıxır.
Eco rejimi üçün xüsusi yuyucu vasitə lazımdırmı?
Xeyr. Bu proqram üçün ayrıca yuyucu vasitə almağa ehtiyac yoxdur. Müasir yuyucu tozlar və maye vasitələr aşağı temperaturda da effektiv işləmək üçün hazırlanıb. Buna görə Eco rejimində adi keyfiyyətli yuyucu vasitələrdən istifadə etmək kifayətdir.
Eco rejimindən nə vaxt istifadə etmək tövsiyə olunur?
Eco rejimi gündəlik yuyulan, çox çirkli olmayan geyimlər üçün ən uyğun seçim hesab edilir.
Bu proqram aşağıdakı hallarda daha məqsədəuyğundur:
gündəlik geyimlərin yuyulması;
yataq dəstlərinin təmizlənməsi;
dəsmalların yuyulması;
pambıq parçalardan hazırlanmış geyimlər;
suya və elektrik enerjisinə qənaət etmək istədikdə.
Aşağı temperatur parçaların rəngini və formasını daha uzun müddət qorumağa, onların daha az köhnəlməsinə də kömək edir.
Eco rejimindən nə vaxt istifadə etmək olmaz?
Bəzi hallarda Eco rejimi kifayət qədər effektiv olmaya bilər. Mütəxəssislər aşağıdakı hallarda intensiv və ya yüksək temperaturlu proqramlara üstünlük verməyi tövsiyə edirlər:
yağ ləkələri olan geyimlər;
qan ləkələri;
torpaq və palçıqla güclü çirklənmiş paltarlar;
idman geyimləri;
xəstə insanların istifadə etdiyi tekstil məhsulları;
dezinfeksiya tələb edən parçalar;
çox istifadə olunan parça bezlər və digər gigiyenik tekstil məhsulları.
Belə hallarda yüksək temperatur bakteriyaların və davamlı çirklərin aradan qaldırılmasında daha effektiv nəticə verir.
Eco rejiminin əsas üstünlükləri
Eco proqramının ən böyük üstünlüyü elektrik enerjisi və su sərfiyyatını azaltmasıdır. Bununla yanaşı, aşağı temperatur sayəsində parçalar daha az köhnəlir, rənglərini daha uzun müddət saxlayır və geyimlərin istifadə müddəti artır.
Yeganə mənfi cəhəti isə proqramın uzun çəkməsidir. Əgər paltarların qısa müddətdə yuyulmasına ehtiyac varsa, sürətli yuma proqramları daha uyğun seçim ola bilər. Lakin bu proqramlar adətən daha çox enerji və su sərf edir.




