Ebola epidemiyası ilə bağlı qorxulu AÇIQLAMA

Ebola qızdırmasının yayılmasının qarşısını almaq getdikcə çətinləşir. Bu barədə beynəlxalq humanitar təşkilat olan “Sərhədsiz həkimlər” açıqlama verib.

Virusa yoluxanların sayı sürətlə artır və bu səbəbdən vəziyyəti nəzarət altında saxlamaq getdikcə daha da mürəkkəbləşir.

Son beş həftədən Konqo Respublikasında təsdiqlənmiş Ebola yoluxmalarının sayı 650-dən təxminən 2 minə yüksəlib. Ölənlərin sayı isə beş dəfədən çox artaraq 130 nəfərdən 700-dən çox nəfərə çatıb.

Xatırladaq ki, mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Respublikası və Uqandada baş verən Ebola qızdırması epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Hazırda yayılan “Bundibuqyo” ştammına qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. Buna görə də xəstələrə yalnız dəstəkləyici tibbi yardım göstərilir. Bu yardıma xəstələrin təcrid olunması, orqanizmdə maye itkisinin bərpası və ağrıların azaldılması daxildir.