Ayın gələcəyi bizi iki böyük sürprizlə təəccübləndirə bilər – “Scientific American”

Ay hər gecə səmamızın dəyişməz sakini kimi görünsə də, əslində o, daim hərəkətdədir. Alimlərin sözlərinə görə, milyardlarla il davam edəcək kosmik proseslər nəticəsində Ayın orbiti tədricən dəyişir və uzaq gələcəkdə onu, eləcə də Yer kürəsini gözləyən talenin necə olacağı hələ də elmi müzakirə mövzusudur.

Bu barədə ABŞ-ın “Scientific American” nəşri yazıb.

Ay əslində bizdən uzaqlaşır

Nəşr yazır ki, Ayın orbiti tədricən dəyişir və o, hər il Yer kürəsindən təxminən 4 santimetr uzaqlaşır. Alimlərin fikrincə, bu proses milyardlarla il davam edəcək, lakin Ay Yerin orbitini yaxın gələcəkdə tərk etməyəcək. Mütəxəssislər hesab edir ki, Ay təxminən 4,5 milyard il əvvəl Yerə nəhəng kosmik cismin toqquşması nəticəsində yaranıb. İlk dövrlərdə o, Yerə cəmi 20 min kilometr məsafədə idi və səmada indiki ilə müqayisədə dəfələrlə böyük görünürdü.

Niyə Ayın yalnız bir üzünü görürük?

Yer və Ayın cazibə qüvvəsi bir-birinə qarşılıqlı təsir göstərir. Bu təsir Ayın öz oxu ətrafında fırlanmasını tədricən yavaşladıb və nəticədə o, indi Yer ətrafında dövr etdiyi müddətdə öz oxu ətrafında da bir dəfə fırlanır. Məhz buna görə biz həmişə Ayın yalnız bir üzünü görürük. Eyni zamanda Ayın cazibəsi Yerin fırlanmasını da çox zəif sürətlə azaldır. Bu proses nəticəsində Yer sutkası hər əsrdə təxminən 2 millisaniyə uzanır, Ay isə yavaş-yavaş bizdən uzaqlaşmağa davam edir.

Ayın və Yerin sonu necə olacaq?

Alimlərin hesablamalarına görə, milyardlarla ildən sonra Yer və Ay bir-birinə tam “kilidlənə” bilər. Belə halda Ay səmada demək olar ki, eyni nöqtədə görünəcək və artıq doğub-batmayacaq. Lakin bundan da əvvəl Günəşin təkamülü həlledici rol oynayacaq. 

Təxminən bir milyard ildən sonra okeanlar buxarlanacaq, 6-7 milyard ildən sonra isə Günəş qırmızı nəhəngə çevriləcək. Bu mərhələdə Yer və Ayın taleyi tamamilə dəyişə, hətta onlar məhv ola bilərlər. Alimlər bildirir ki, bu qədər uzaq gələcəkdə Ayın Yerdən qopacağı, yoxsa onunla toqquşacağı hələ dəqiq məlum deyil. Buna görə də indiki gecə səmasındakı Ay mənzərəsinin qədrini bilmək tövsiyə olunur.