Yay günəşi insanlara istilik və xoş əhval bəxş etsə də, onun altında uzun müddət qalmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər.
Ultrabənövşəyi (UV) şüaların və yüksək temperaturun uzunmüddətli təsiri istivurmadan tutmuş xərçəngə qədər bir sıra ciddi problemlərin yaranma riskini artırır.
İstivurma
Yüksək temperaturun ən təhlükəli nəticələrindən biri istivurmadır. Ümumi praktika həkimi Yelena Kolesnikovanın sözlərinə görə, bu, sadəcə özünü pis hiss etmək deyil, orqanizmin fəaliyyətində ciddi pozuntu yaradan vəziyyətdir. Vaxtında müdaxilə olunmadıqda beyin, ürək və böyrəklərə zərər verə bilər.
Birbaşa günəş şüalarının təsiri nəticəsində orqanizmin istiliyi tənzimləyən sistemi normal işləmir və bədən özünü soyuda bilmir. İlk əlamətlər arasında qulaqlarda küy, başgicəllənmə, ürəkbulanma və şüurun bulanması yer alır.
Ürək-damar xəstəlikləri, şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri, artıq çəki və digər xroniki xəstəlikləri olan insanlar xüsusilə ehtiyatlı olmalıdırlar.
Dəri və DNT zədələnir
Bir çox insan qaralmış dərini sağlam görünüşün əlaməti hesab etsə də, həkimlərin fikrincə, qaralma əslində dərinin ultrabənövşəyi şüalara qarşı müdafiə reaksiyasıdır. Həkim Nona Beridzenin sözlərinə görə, dəri ömür boyu qəbul etdiyi UV şüalarının “yaddaşını” saxlayır.
Bunun nəticəsində zaman keçdikcə dəridə erkən qocalma, piqment ləkələri, elastikliyin azalması və quruluq yaranır. Bundan əlavə, ultrabənövşəyi şüalar hüceyrələrin DNT-sini zədələyərək təhlükəli mutasiyaların yaranmasına səbəb ola bilər.
İmmunitet zəifləyir
Terapevt və onkoloq Sabuhi Səmədov bildirib ki, ultrabənövşəyi şüaların həddindən artıq təsiri immun sisteminin fəaliyyətini zəiflədir. Bunun nəticəsində herpes də daxil olmaqla virus, bakterial və göbələk infeksiyaları aktivləşə bilər. Həmçinin bəzi peyvəndlərin effektivliyi də azala bilər.
Gözlərə zərər verir
Günəş şüaları yalnız dəri üçün deyil, gözlər üçün də təhlükəlidir. Keyfiyyətli gün eynəyi olmadan uzun müddət günəş altında qalmaq buynuz qişanın yanığına, katarakta, pterigium və yaşa bağlı makula degenerasiyasına səbəb ola bilər. Bu xəstəliklər isə görmə qabiliyyətinin ciddi zəifləməsinə, hətta itirilməsinə qədər gətirib çıxara bilər.
Dəri xərçəngi riski artır
Ultrabənövşəyi şüaların ən təhlükəli nəticəsi dəri xərçəngidir. UV şüaları rəsmi olaraq kanserogen amil hesab olunur. Mütəxəssislərin sözlərinə görə, hətta uşaqlıq dövründə alınan güclü günəş yanıqları illər sonra melanomanın dəri xərçənginin ən aqressiv növlərindən birinin inkişafına səbəb ola bilər.
İstidən necə qorunmaq olar?
Mütəxəssislər sağlamlığı qorumaq üçün aşağıdakı tövsiyələrə əməl etməyi məsləhət görürlər:
Günün ən isti saatlarında uzun müddət açıq günəş altında qalmayın.
Orqanizmi yüksək temperatura tədricən uyğunlaşdırın.
Gün ərzində kifayət qədər su və elektrolit tərkibli mayelər qəbul edin.
Təbii parçadan hazırlanmış açıq rəngli, yüngül geyim və baş örtüyü istifadə edin.
SPF tərkibli günəşdən qoruyucu vasitələrdən istifadə edin və onları müəyyən aralıqlarla yenidən dəriyə çəkin.




