“16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasına dair qaydaların tətbiqi ilk növbədə onların hüquq və qanuni mənafelərinin müdafiəsinə, təhlükəsiz rəqəmsal mühitdə inkişafının təmin edilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilməlidir”.
Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
O bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalar və sosial media platformaları uşaqlara geniş informasiya və ünsiyyət imkanları təqdim etsə də, onların erkən yaşlarda nəzarətsiz şəkildə bu platformalardan istifadə etməsi bir sıra ciddi risklər yaradır:

“Kibertəqib, onlayn zorakılıq, şəxsi məlumatların qanunsuz istifadəsi, yaşa uyğun olmayan məzmunun təsiri, eləcə də müxtəlif manipulyativ və destruktiv çağırışlar uşaqların fiziki, psixoloji və mənəvi inkişafı üçün ciddi təhlükə mənbəyidir. Bu baxımdan qeyd olunan dəyişiklik uşaqların informasiya təhlükəsizliyinin gücləndirilməsinə, onların psixoloji sağlamlığının qorunmasına və sağlam inkişaf mühitinin təmin edilməsinə yönəlmiş preventiv xarakterli tədbir kimi dəyərləndirilməlidir. Qərarın əhəmiyyəti yalnız fərdi səviyyə ilə məhdudlaşmır. Erkən yaşlardan sosial şəbəkələrdən intensiv istifadə uşaqlarda rəqəmsal asılılığın formalaşmasına, diqqət və ünsiyyət problemlərinin yaranmasına, real sosial münasibətlərdən uzaqlaşmağa səbəb ola bilər. Eyni zamanda, bu proses ailədaxili münasibətlərə də təsir göstərərək valideyn-övlad ünsiyyətinin zəifləməsinə gətirib çıxara bilir. Məhdudiyyətin tətbiqi valideyn məsuliyyətinin və nəzarətinin gücləndirilməsi, uşaqların ailə dəyərləri əsasında formalaşması, onların təhsil, yaradıcılıq, idman və digər sosial fəaliyyətlərə daha çox vaxt ayırması baxımından da mühüm əhəmiyyət kəsb edir”.
Qurum rəsmisi bildirib ki, uşaqların erkən yaşlardan nəzarətsiz rəqəmsal təsirlərə məruz qalması cəmiyyətin mənəvi mühitinə və dəyərlər sisteminə də təsirsiz ötüşmür:
“Sosial şəbəkələr vasitəsilə yayılan zorakılıq, aqressiya və digər mənfi tendensiyalar uşaqların dünyagörüşünə, davranış modelinə təsir göstərir. Bu mənada qəbul edilən qərar milli-mənəvi və ailə dəyərlərinin qorunmasına, sağlam və məsuliyyətli nəslin formalaşdırılmasına xidmət edən mühüm mexanizmlərdən biri hesab oluna bilər. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də uşaqların təhlükəsizliyinin və rifahının təmin edilməsidir. Rəqəmsal mühitdə uşaqların müdafiəsinin gücləndirilməsi, onların hərtərəfli inkişafı üçün təhlükəsiz şəraitin yaradılması gələcək insan kapitalının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Ümumilikdə, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması cəza xarakterli deyil, uşaqların ən yaxşı mənafelərinin təmin edilməsinə, onların hüquqlarının müdafiəsinə və rəqəmsal risklərdən qorunmasına yönəlmiş sosial məsuliyyətli və qabaqlayıcı tədbir kimi qəbul olunmalıdır”.




