Bu baş ağrısı həyatınız üçün təhlükəli ola bilər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qəfil başlayan və bir neçə saniyə ərzində çox şiddətlənən baş ağrısı həyati təhlükə yaradan vəziyyətin əlaməti ola bilər. Belə hallarda vaxtında tibbi yardım göstərilməsi həyatı xilas edə bilər.

Həkimlər  “ildırımvari baş ağrısı” adlandırılan bu vəziyyət miqrendən fərqləndiyini bildirirlər. Ağrı bir dəqiqədən az müddətdə ən yüksək həddə çatır və çox vaxt insanın həyatında hiss etdiyi ən güclü baş ağrısı olur.

Mütəxəssislər bildirirlər ki, ilk dəfə baş verən belə tutmanı qətiyyən görməzliyə vurmaq olmaz.ƏtraflıAd – 00:04

Hansı xəstəliklərin əlaməti ola bilər?

Belə qəfil və güclü baş ağrısı aşağıdakı həyati təhlükəli vəziyyətlərlə əlaqəli ola bilər:

• Beyin anevrizmasının partlaması; 

• Subaraxnoidal beyin qanaxması; 

• Beyində qan dövranının digər ciddi pozğunluqları; 

• İnsult. 

Həkimlər vurğulayırlar ki, bu hallarda vaxtında tibbi yardım göstərilməsi həlledici rol oynaya bilər.

Nə vaxt təcili yardım çağırmaq lazımdır?

Mütəxəssislər aşağıdakı hallarda dərhal təcili tibbi yardım çağırmağı tövsiyə edirlər:

• Güclü baş ağrısı ilk dəfə yaranıbsa; 

• Ağrı qəfil başlayıb və çox qısa müddətdə şiddətlənibsə; 

• Ağrı sonradan keçsə belə. 

Onların sözlərinə görə, simptomlar aradan qalxsa belə, həyati təhlükə yaradan səbəbləri istisna etmək üçün mütləq tibbi müayinədən keçmək lazımdır.

Hər belə ağrı təhlükəli deyil

Həkimlər qeyd edirlər ki, bütün ildırımvari baş ağrıları ağır xəstəliklərlə əlaqəli olmur. Bəzi insanlarda ətraflı müayinədən sonra təhlükəli səbəbi olmayan ilkin ildırımvari baş ağrısı diaqnozu qoyulur.

Lakin bunun təhlükəli olub-olmadığını insanın özünün müəyyən etməsi mümkün deyil. Buna görə də belə əlamət yaranarsa, mütləq həkimə müraciət edilməlidir.