Maltada bu ilin oktyabrında keçiriləcək “Uşaq Avroviziya” mahnı müsabiqəsində Azərbaycan iştirak etməyəcək.
Bu məlumatı açıqlamasında İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Turab Teymurov verib.

“Qərar İctimai Televiziyanın cari proqram və layihə prioritetləri, eləcə də müsabiqəyə hazırlıq prosesi ilə bağlı təşkilati məsələlər nəzərə alınaraq qəbul edilib. Bununla belə, İctimai Televiziya “Uşaq Avroviziya” layihəsinə marağını qoruyur və Azərbaycanın gələcək illərdə müsabiqədə iştirak imkanını istisna etmir”, – deyə T.Teymurov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il sözügedən müsabiqəni 66 xalla 15-ci pillədə başa vurmuşdu.




