“XXI əsrin yeni psixoloji asılılığı: süni intellektə həddindən artıq bağlılıq” – Psixoloqlar xəbərdarlıq edir

Süni intellektdən həddindən artıq istifadə insanın müstəqil düşünmə və qərarvermə qabiliyyətini zəiflədə bilər.

Bu barədə “israelinfo.co” nəşri yazıb.

Psixoloqlar bildirir ki, son illərdə süni intellektə həddindən artıq bağlılıq yeni psixoloji problem kimi diqqət çəkir. Söhbət texnologiyanın özündən deyil, insanların onu təkcə alət yox, daimi həmsöhbət, emosional dayaq və qərar verən vasitə kimi qəbul etməsindən gedir.

Mütəxəssislərin fikrincə, bu asılılığın əsas əlamətləri hər addımda çat-botlardan məsləhət almaq, şəxsi düşünmə prosesini alqoritmlərə həvalə etmək və süni intellekt olmadan qərar verməkdə çətinlik çəkməkdir. 

Bu, zamanla tənqidi düşünmə, müstəqil analiz və sosial ünsiyyət bacarıqlarını zəiflədə bilər. Araşdırmalara görə, istifadəçilərin bir qismi süni intellektdən emosional dəstək üçün də yararlanır. 

Psixoloqlar xəbərdarlıq edir ki, texnologiya faydalı köməkçi olsa da, insan öz düşüncəsini və qərarvermə bacarığını tamamilə ona etibar etdikdə bu, psixoloji asılılığa çevrilə bilər.