Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib

Sosial şəbəkələrdə yayılan görüntülərdə iddia olunur ki, Novxanı çimərliyi ərazisində bəzi sahibkarlar avtomobillərin girişini məhdudlaşdırmaq məqsədilə xəndəklər qazdırıb və bununla istirahətçiləri öz obyektlərinə yönləndirməyə çalışırlar.

Məsələ ilə bağlı danışan obyekt sahibi isə səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini deyib. O bildirib ki, görülən işlərin əsas səbəbi ərazidə təhlükəsizliyin qorunmasıdır:

“Burada uşaqlar və ailələr istirahət edir. Bəzən sürücülər avtomobillərlə əraziyə daxil olaraq təhlükəli hərəkətlər edirlər. Buna görə də onların təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görülüb”.

Obyektdə çalışan əməkdaşın sözlərinə görə, çimərlik ərazisinə nəqliyyat vasitələrinin daxil olmasına məhdudiyyət tətbiq edilməsi aidiyyəti göstərişlərə əsaslanır:

“Bəzi sürücülər qaydalara əməl etmir, təhlükəli manevrlər edir və bu da istirahət edənlər üçün risk yaradır. Bu səbəbdən adi avtomobillərin girişinə icazə verilmir. Yalnız təcili yardım, yanğınsöndürmə və digər operativ xidmət maşınları əraziyə daxil ola bilər”, – deyə əməkdaş qeyd edib.