Bülbülün anadan olmasının 129 illiyinə həsr olunmuş konsert proqramı Bülbülün Memorial Muzeyində yüksək sənət ab-havası şəraitində keçirilib. Tədbirdə akademik vokal ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov maestro Bülbülün repertuarından “İntizar” əsərini və Azərbaycan xalq mahnısı “Evləri var xana-xana”nı ifa edib. İfalar konsertmeyster Rəhimə Qurbanovanın müşayiəti ilə baş tutub.
İfadan sonra Altun Süleymanov çıxış edərək Bülbülün Azərbaycan milli vokalının və klassik vokal məktəbinin inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb. O, çıxışını “Yaşasın Azərbaycan mədəniyyəti və vokalı!” şüarı ilə tamamlayıb.
Mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların iştirak etdiyi tədbir böyük sənətkarın əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, milli vokal sənətimizin yaşadılması istiqamətində mühüm əhəmiyyət daşıyıb.






