Mədəni gözəlliyi əsəblər məhv etməsin…

       Həyat və fəaliyyətimizdə mədəniyyətin rolu, onun inkişafı və stimullaşdırılması böyük əhəmiyyət daşıyır. Mədəniyyət təkcə davranışla deyil, əməllərlə də ölçülür. 

Mədəniyyət insanlığın ilk nümunələrindən biridir. İnsanların bir-birinə hörməti, sevgisi və yardımı da məhz bu anlayışdan yaranır.
Bir-birini istismar edən insanların nümayiş etdirdiyi mədəni davranışlar isə sünidir. Bu sünilik gec-tez üzə çıxır. Bununla belə, hər kobud rəftarın da mütləq insanın daxili mahiyyətindən qaynaqlandığını söyləmək olmaz.
Əsəblər haqsızlıqlara hər zaman dözmür. Bəzən insanın sərt rəftarı onun daxili mədəniyyətsizliyindən deyil, yaşadığı haqsızlığa verdiyi emosional reaksiyadan irəli gəlir. «Mədəni kobudluq» deyə bir anlayış da var – sərt, lakin müəyyən hədd çərçivəsində olan münasibət. Bunu da hər kəs fərqli anlayır.
Çox zaman da uşaqlıqdan öyrənirik.
Uşaqlar onları söyüb-döyüb, sonra əzizləyən valideynlərdən çox, onlarla heç bir kobudluq etmədən ciddi, mehriban valideynlərdən daha çox çəkinirlər.
Həyat boyu qarşılaşdığımız fərqli davranışlar, münasibətlər və yaşam tərzi fərdi mədəni qavrayışımızın strukturunu qurur. Xarakterlər də bu yolda fərqli önəm və əhəmiyyət daşıyır.
Düşündüklərimizin hər birini rahat söyləmək heç də asan deyil. Bəzən insanın mövqeyi, məsuliyyəti, tutduğu vəzifə belə onu düşündüklərini olduğu kimi ifadə etməkdən çəkindirir. Bu hal adi insanlarda olduğu kimi, alimlərdə, rəhbərlərdə, hətta prezidentlərdə də müşahidə oluna bilər.
İnsan bəzən öz fikrini ifadə etməkdə çətinlik çəkir, bəzən isə əsəblərinə hakim ola bilməyərək sərt danışır.
Bəs əsəbləşib sərtlik edənləri mədəniyyətsiz hesab edə bilərikmi?
Əlbəttə ki, yox.
Mədəni insanlar içərisində belə cinayət törədənlər, hətta adam öldürənlər də olmuşdur. Demək, insanın mədəni görünüşü ilə onun davranışları arasında həmişə tam uyğunluq olmur.
Demək ki, burada ilk növbədə əsəblərin qorunması vacibdir. Mədəniyyət hər bir insanın qarşısındakını sakit qəlblə anlayışını tələb edir.
Bəs cəzalar necə?
Hə, artıq fərqli bir məkana gəldik. Qanunların aliliyi sərt və ciddi mövqeyə əsaslanır. Onun rolları içərisində cəmiyyətin müəyyən dəyərlərinin, o cümlədən mədəni ünsürlərin qorunması da var. Çünki qaydaların və qarşılıqlı hörmətin qorunması bəzən cəza mexanizmlərini də tələb edir.
Daxili mədəniyyətin bərpası hər zaman mümkün olmasa da, mədəni dünyanın qorunması vacibdir.
Hələ ki, söyüşlər də eşidilir, xoş sözlər də deyilir…
Hər kəs öz xarakterinə uyğun insanların arasında olmaq istəyir. Lakin bu, nə qədər arzuolunan olsa da, tam mümkün deyil.
Əməllərimizə və paylaşdıqlarımıza fərqli münasibətlər bizi sevindirə də bilər, əsəbləşdirə də bilər, sual altında da qoya bilər.
Xoş sözlər, etiraz, saymazlıq, məsləhət…
Hər birini “yola verib” yaşayırıq. Əsas məsələ isə bütün bunların qarşısında mədəni cavabımızı hər zaman qoruyub saxlamaqdır.

Sənubər Səhər