19 iyunda Cenevrədə imzalanması gözlənilən ABŞ-İran anlaşma memorandumu ətrafında mübahisəli vəziyyət davam edir. Memorandum mətni rəsmi olaraq açıqlanmayıb, lakin mediada yayılan məlumatlar və hər iki tərfdən verilən açıqlamalar ümumi mənzərə ilə bağlı təsəvvürlər formalaşdırır.
Tərəflər 60 günlük atəşkəs əldə edir. Bu müddətdə Tehran Hörmüz boğazını açır, Vaşinqton dəniz blokadasını qaldırır, eləcə də sanksiyalar ləğv edilənə qədər ABŞ Maliyyə Nazirliyi İranın neft, neft-kimya, bankçılıq və digər sektorları üçün lisenziyaların verilməsini təmin edir. 60 gün ərzində tərəflər yekun razılaşma üzərində işləyəcəklər, lakin finişə çatmaq bu perioddakı addımlardan asılıdır. Misal üçün, yekun razılaşmaya çatana qədər ABŞ İran aktivlərinin sərbəst buraxılmasına başlamalı, İranın nüvə proqramı ilə bağlı tələblər razılaşdırılmalı və s.
Mediada yayılan memorandum mətninin detalları tərəflərin qarşılıqlı inamsızlığını əks etdirir. Və suallar yaradır: memorandum imzalandıqdan sonra anlaşmanın praktiki icrası mümkün olacaqmı, tərəflər yekun razılaşma əldə edə biləcəklərmi?
Mövcud ziddiyyətlər, strateji maraqlar və bölgədəki vəziyyət bunun mümkünlüyünə şübhələr yaradır.
Birincisi, İsrail amilidir;
Memorandumda İranın əsas şərtlərindən biri atəşkəsin Livana da aid edilməsi, Hizbullaha qarşı əməliyyatların dayandırılmasıdır. Hətta Araqçı anlaşmanın ABŞ-İsrail və İran-Hizbullah arasında olduğunu elan etməklə “qırmızı xətti” göstərdi. İranla mümkün anlaşmaya qarşı olan İsrail isə bunu qəbul etmək niyyətində deyil: Təl-Əviv Livanı anlaşmadan kənarlaşdırmaqla Hizbullahı tamamilə sıradan çıxarmaq fürsətindən yararlanmaq istəyir, eyni zamanda, bu məsələyə Tehran-Vaşinqton anlaşmasının yekunlaşmamasının yeganə yolu kimi görür;
Mümkündür ki, İsrail ABŞ-ın təzyiqi qarşısında atəşkəsə Livanın daxil edilməsini qəbul edə bilər, lakin yekun razılaşmanı sabotaj etmək üçün 60 gün ərzində Hizbullaha qarşı əməliyyatları bərpa edəcəyi riski yüksəkdir.
İkincisi, Hörmüz boğazının gələciyidir;
Memorandumda boğazın 60 gün ərzində açılması qeyd olunsa da, yekun razılaşmada bunun necə əks olunacağı ziddiyyətlidir. İran müddət başa çatdıqdan sonra Omanla birlikdə boğaza nəzarət mexanizmlərini işə salmaq niyyətini gizlətmir. Müharibəni Hörmüzə nəzarət fürsəti olaraq görən mühafizəkarların da bu imkandan asanlıqla imtina edəcəkləri gözləntisi azdır.
Üçüncüsü, nüvə proqramıdır;
Zənginləşdirilmiş uranın durulaşdırılması üzərində razılaşma haqda məlumatlar olsa da, İranın nüvə proqramından tamamilə imtina edəcəyi ehtimalı zəifdir. ABŞ İranın mülki nüvə hüququnu özünün nəzarət etməsi şərti ilə qəbul edə bilər, lakin mühafizəkarlar bunu “təslim aktı” olaraq görürlər, digər tərəfdən, Tehranın nüvə potensialına çıxışa nə qədər imkan yaradacağı sual altındadır. Məsələ yekun razılaşmaya qədər müzakirə mərhələsində olacaq və tərəflər – ABŞ da, İran da 60 günlük müddətdə nüvə ilə bağlı daha çox güzəşt əldə edə biləcəyinə ümid edir.
Anlaşma memorandumunun yekun razılaşma ilə nəticələcəyi perspektivini azaldan bu amillər bir sualı önə çıxarır: tərəflər yekun razılaşma, yoxsa zaman qazanmaq istəyir?
Atəşkəs düyünlənmiş mövcud vəziyyətdən çıxmaq üçün hər iki tərəfə lazımlıdır. ABŞ isə İran kampaniyasında müəyyən nəticəni elan etmək və qlobal bazarı sabitləşdirmək baxımından daha maraqlı görünür. Yekun razılaşma istədiyi kimi baş tutarsa, Vaşinqton geosiyasi planlarında ciddi irəliləyiş əldə edə bilər, lakin minimal qazanc yaxın dövrdə vəziyyətə nəzarəti bərpa etmək kimi görünür. Davam etməsi və məntiqi sonluğa çatması çətin görünən 60 günlük atəşkəsin növbəti hərbi kampaniyaya keçid dövrü olacağı da istisna deyil.




