Milli birlik, talışlar və media: Açıq danışılan gerçəklər – Video

Azərbaycan tarixən müxtəlif xalqların, dillərin və mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşıb. Bu rəngarəng xalçanın ilmələrindən biri də talışlardır. Uzun illərdir talış dili, folkloru və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən “Dodo” qəzetinin təsisçisi və baş redaktoru İradə Məlikova “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanan “Multikultural Azərbaycan” podkastının qonağı olub.

İ.Məlikova podkastda maraqlı məsələlərə toxunub. O, hesab edir ki, milli-mədəni irsin qorunması təkcə bir icmanın deyil, bütövlükdə ölkənin mənəvi sərvətinin yaşadılması deməkdir.

“Dodo” qəzetinin yaradılması ideyasından danışan İ.Məlikova nəşrin talış dilinin elmi, etimoloji və linqvistik xüsusiyyətlərinin araşdırılması, folklor nümunələri və regional tarixin sənədləşdirilməsi məqsədilə fəaliyyətə başladığını bildirib: “Məqsədimiz yalnız bir dilin və ya mədəniyyətin qorunması deyil, Azərbaycanın ümumi mədəni irsinə töhfə vermək olub”.

İ.Məlikova hesab edir ki, hazırda talış icmasının media sahəsində təmsilçiliyi müəyyən inkişaf mərhələsində olsa da, mövcud vəziyyət potensialı tam əks etdirmir: “Rəqəmsal medianın genişlənməsi yeni imkanlar yaratsa da, peşəkar kadr çatışmazlığı, maddi-texniki problemlər və institusional dəstəyin məhdudluğu bu sahənin inkişafını ləngidən əsas amillərdən biridir. İstedadlı insanların və böyük potensialın olmasına baxmayaraq, daha sistemli yanaşmaya ehtiyac var”.

Talış dili və mədəniyyəti ilə bağlı media məhsullarına marağın yüksək olduğunu qeyd edən İ.Məlikova vurğulayıb ki, xüsusilə gənclər və ziyalılar arasında öz köklərini öyrənməyə ciddi maraq müşahidə edilir: “Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayımlanan keyfiyyətli materiallar auditoriya tərəfindən böyük maraqla qarşılanır. Bu isə göstərir ki, problem marağın azlığında deyil, həmin marağı qarşılayacaq peşəkar məzmunun kifayət qədər olmamasındadır”.

Podkastda multikulturalizm məsələsinə toxunan İ.Məlikova Azərbaycanın bu sahədə mühüm hüquqi baza yaratdığını qeyd edib. Onun fikrincə, ölkədə həyata keçirilən multikulturalizm siyasəti müxtəlif xalqların öz kimliklərini qoruması üçün əlverişli imkanlar yaradır: “Bununla belə, bu siyasətin yalnız rəsmi tədbirlər çərçivəsində deyil, gündəlik mədəni həyatda da daha geniş hiss olunması vacibdir”.

O hesab edir ki, müasir dövrdə medianın üzərinə xüsusi məsuliyyət düşür. Rəqəmsallaşma dövründə kiçik xalqların dillərinin və mədəniyyətlərinin qorunması üçün informasiya məkanında fəal iştirak həyati əhəmiyyət daşıyır: “Bir dilin yaşaması üçün onun yalnız ailə daxilində danışılması kifayət etmir, həmin dil televiziya ekranlarında, internet portallarında, sosial şəbəkələrdə və rəqəmsal platformalarda da yer almalıdır. Əks halda yeni nəsil zamanla öz ana dilindən və mədəni köklərindən uzaqlaşa bilər”.

İ.Məlikova Azərbaycan multikulturalizmini həm xalq, həm də institusional səviyyədə də qiymətləndirib. Onun fikrincə, insanlar arasında münasibətlər baxımından ölkədə müxtəlif xalqların nümayəndələri arasında qarşılıqlı hörmət və anlayış mövcuddur: “Lakin azsaylı xalqların mədəni layihələrinin dəstəklənməsi, kitab nəşrləri və digər təşəbbüslərin həyata keçirilməsi zamanı bəzi bürokratik maneələr hələ də qalmaqdadır. Bu baxımdan dövlət siyasətinin bütün idarəetmə pillələrində eyni həssaslıqla tətbiq olunması vacibdir”.

Rəqəmsal medianın yaratdığı imkanlardan danışan İ.Məlikova bildirib ki, sosial şəbəkələr milli icmalara öz auditoriyasına birbaşa çıxış imkanı verir: “Bununla yanaşı, nəzarətsiz informasiya axını müəyyən risklər də yaradır. Bəzən milli mövzuların qeyri-peşəkar və ya qərəzli şəkildə təqdim edilməsi cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Buna görə də milli məsələlərə yanaşmada peşəkar jurnalistika prinsiplərinin qorunması xüsusi əhəmiyyət daşıyır”.

Müsahib digər milli icmalarla münasibətlərin də yüksək səviyyədə olduğunu bildirir. Ləzgi, avar, udin və digər xalqların nümayəndələri ilə müxtəlif layihələr və tədbirlər çərçivəsində əməkdaşlıq etdiklərini deyən İ.Məlikova vurğulayıb ki, Azərbaycanın bütün xalqlarını birləşdirən əsas amil ortaq vətənə xidmət etmək və onun mədəni zənginliyini qorumaq istəyidir”.

Onun sözlərinə görə, talış folkloru, ədəbiyyatı və musiqisinin təbliği istiqamətində görülən işlərin böyük hissəsi hələ də fərdi təşəbbüslər hesabına həyata keçirilir: “Ziyalılar və tədqiqatçılar regional tarix, folklor və mədəniyyətlə bağlı materiallar toplayır, kitablar hazırlayır və müxtəlif layihələr həyata keçirirlər. Lakin bu fəaliyyətlərin daha geniş nəticələr verməsi üçün dövlət proqramları səviyyəsində dəstəyə ehtiyac var”.

Milli icmalar mövzusunun siyasi manipulyasiya predmetinə çevrilməsinə münasibət bildirən İ.Məlikova bu cür yanaşmaları qətiyyətlə rədd etdiyini vurğulayıb: “Dilin, folklorun və mədəniyyətin qorunması siyasi deyil, humanitar və mənəvi məsələdir. Bu məsələnin siyasi maraqlara alət edilməsi həm mədəniyyətə, həm də dövlətə zərər vurur”.

O hesab edir ki, milli həmrəyliyin möhkəmlənməsində medianın rolu əvəzsizdir: “Media fərqlilikləri qarşıdurma elementi kimi deyil, cəmiyyətin zənginliyi kimi təqdim etməlidir. Həmrəylik insanların eyniləşdirilməsi deyil, müxtəlif kimliklərin ortaq vətən anlayışı ətrafında birləşməsidir. Bu baxımdan media daha çox araşdırmaçı yanaşma sərgiləməli, müxtəlif xalqların dili, tarixi və mədəniyyəti barədə dərin məzmunlu materiallar hazırlamalıdır”.

İ.Məlikovanın fikrincə, bu gün Azərbaycan mediasında multikulturalizm mövzusu kifayət qədər işıqlandırılsa da, çox vaxt məsələ yalnız milli geyimlər, rəqslər və bayram tədbirləri çərçivəsində təqdim edilir.

Qonaq sonda milli birlik və vətəndaş həmrəyliyinin Azərbaycanın ən böyük sərvətlərindən biri olduğunu vurğulayaraq cəmiyyəti maarifçiliyə, elmə və kitaba daha çox önəm verməyə çağırıb. Onun qənaətinə görə, hər bir dilin, folklor nümunəsinin və mədəni dəyərin qorunması bütövlükdə ölkənin mənəvi zənginliyinin qorunması deməkdir: “Bir-birimizi tanıyaq, öyrənək və qoruyaq. Çünki bizi birləşdirən təkcə ortaq keçmişimiz deyil, həm də Azərbaycan kimi sabit etnomühiti olan ölkədə birlikdə quracağımız gələcəyimizdir”.