Çoxmərtəbəli binalarda yaşayanların tez-tez qarşılaşdığı problemlərdən biri də idarəetmə məsələsidir. Bir çox hallarda tikinti şirkətləri (MTK-lar) mənzilləri satdıqdan sonra belə binanın idarəsini sakinlərə vermir və bu da narazılıqlara səbəb olur.
Məsələ ilə bağlı daşınmaz əmlak üzrə mütəxəssis Elnur Fərzəliyevin sözlərinə görə, qanunvericiliyə əsasən bina istifadəyə verildikdən sonra idarəetmə mənzil sahiblərinə keçməlidir:
“Sakinlər bu məqsədlə mülkiyyətçilərin birliyini yarada və ya idarəni seçdikləri şirkətə həvalə edə bilərlər. Bəzi yaşayış komplekslərində bu model artıq tətbiq olunur. Belə binalarda sakinlər idarəetməni öz üzərlərinə götürərək həm nizam-intizamı qoruyur, həm də toplanan vəsaitin xərclənməsinə nəzarət edirlər. Onların sözlərinə görə, bu yanaşma şəffaflığı artırır və problemlərin daha operativ həllinə imkan yaradır”.
Sakinlər qeyd edirlər ki, əvvəllər MTK ilə bağlı problemlər yaşansa da, birgə qərarla mülkiyyətçilər cəmiyyəti yaradıldıqdan sonra vəziyyət yaxşılaşıb. İndi isə həm görülən işlər, həm də maliyyə məsələləri barədə mütəmadi hesabat verilir.




